Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Fars rejiminin anti-Azərbaycan siyasəti intihardan başqa bir şey deyil” – Əziz Ələkbərli

İrandaki şovinist fars rejimi yüz ildir anti-Azərbaycan, anti-türk siyasəti yeridir. İran İslam Respublikasının ölkəmizə qarşı sərgilədiyi anti-Azərbaycan mövqeyi artıq ölkəmizdə gündəm mövzusuna çevrilib. 
  

Boyukmillet.com xəbər verir ki, millət Vəkili Əziz Ələkbərli Missiya.Az-a açıqlamasında bildirib ki, İranın hakim dairələri Azərbaycanın dostu olan hər kəsə düşmən, Azərbaycanın düşməni olan hər kəsə dost münasibəti bəsləyir:
 
“Xarici havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirmiş fars azlığı hakimiyyətdən uzaqlaşdırılmış azərbaycanlı-türk çoxluğunun hakimiyyətə qayıtmaması üçün bütün çirkin metodlara əl atır, onları farsdan dönmə hesab edir, uzun müddət dillərini qadağan edib, tarixlərini, mədəniyyətlərini, insanlarını farslaşdırır və s. Ona görə də bu rejim şimal sərhədlərində tarix səhnəsinə Azərbaycan adlı bir türk dövlətinin gəlməsini ilk gündən özü üçün, daha doğrusu, ölkədə etnik çoxluq təşkil edən Azərbaycan türklərinə qarşı yeritdiyi ayrımçılıq siyasəti üçün bir təhlükə hesab edib və edir. İranının fars rejiminin Ermənistana, çılpaq şəkildə antimüsəlman siyasəti yeritmələrinə baxmayaraq, dost və qardaş münasibəti göstərməsinin bir səbəbi farslarla ermənilərin genetik yaxınlığıdırsa, digər əsas səbəb ermənilərin Azərbaycana düşmən olmasıdır”. 
 
 
Əziz Ələkbərli qeyd edib ki,  İranın fars rejimi ilk dəfə deyil ki, öz adamlarının dili ilə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirir:
“Əslində, bu və ya digər mollanın, ayətullanın dili ilə danışmağa heç ehtiyac da yoxdur, İranın anti-Azərbaycan mövqeyi gün kimi ortadadır. Torpaqlarımızı işğal edib, insanlarımıza qarşı soyqırımı həyata keçirən, millətimizi, dinimizi təhqir edən ermənilərə hər cür dəstək verən, onları yanacaqla, ərzaqla təmin edib, bu işğalı uzatmasına kömək edən fars rejimindən bundan artıq nə gözləmək olar ki? Uzun illər İranın xarici siyasətini yürüdənlərdən biri olmuş Əbülfəzl Zehrəvəndin sonuncu anti-Aazərbaycan çıxışı İranın fars rejiminin iç üzünü bütünlüklə açdı. Bu, daha çox son zamanlar Azərbaycanın regionda alternativsiz güc sahibi olduğunu həzm edə bilməyən bir rejimin hikkə nümayiş etdirməsidir. İran Azərbaycana heç nə edə bilməz, biz 44 gün ərzində tək Ermənistanı yox, bütün dünya erməniliyini darmadağın etdik. Bu isə İrandan qat-qat güclü bir qüvvə idi. İranın fars rejiminin anti-Azərbaycan siyasəti yeritməsi bütövlükdə İran dövlətinin və İran xalqının zərərinə olan bir siyasətdir. İranın fars rejiminin bu siyasəti davam etdirməsi intihardan başqa bir şey deyil”.
 
 
Millət Vəkili Cənubi Azərbaycandakı qardaşlarımızın yüz illik fars rejimi şəraitində öz milli kimliklərini kifayət qədər qoruyub saxladıqlarını bildirib:
 
“Onlarda milli ruh yatmış vulkan kimidir. İranın fars rejimi ölkənin türk çoxluğuna qarşı bugünkü düşmən siyasəti davam etdirərsə, gec-tez bu vulkan püskürəcək və həmin rejimi yandırıb yaxacaq. Əlbəttə, biz istəməzdik ki, qonşuluğumuzda, 40 milyon nəfərə yaxın soydaşımızın yaşadığı ölkədə belə bir hadisə baş versin. Azərbaycan bütün region ölkələri ilə dinc yanaşı yaşamaq siyasəti yeridir və bunun üçün əlindən gələni edir. O cümlədən İranla. Amma İran da başa düşməlidir ki, “mən səni daşla, sən məni aşla” prinsipi uzun müddət davam edə bilməz”.
 
Leyla Səməndər 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …