Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Zeynalovun vəkili vəsatətlə çıxış edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki ittiham aktında “Fərid” MMC və BLZ MMC-nin 4 milyon manatını mənimsəməkdə təqsirli bilindiyini deyib: “Həmin məbləğin cinayət işindən çıxarılmasını və Vidadi Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik”.
V.Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatət qaldırıb. O, müvəkkilinin ailəsinin əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib. Vəkil həmçinin qeyd edib ki, rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasov və onun müavini İltimas Məmmədovun (hazırda rabitə və yüksək texnologiyalar nazirinin müavinidir) ibtidai istintaq zamanı şahid qismində dindirilib: “Həmin şəxslərin ifadələri ittiham aktında istinad olunub. Lakin nazir və onun müavininin adı hazırda şahidlər siyahısında qeyd edilməyib. Belə ki, Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 800 000 manat, 600 000 avro, 1 200 000 ABŞ dolları ödəniş aparılıb. Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəməsi, o cümlədən həmin şahidlərin ifadələrində göstərilən xüsusatlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı əhəmiyyət kəsb edən halları əks etdirdiyindən, eyni zamanda onların ifadələrində təqsirləndirilən şəxslərin ünvanına ittihamedici xüsusatlar öz əksini tapdığı üçün tələb edirəm ki, hər iki şəxs məhkəmədə şahid qismində ifadə versinlər”.
Daha sonra təqsirləndirilən şəxslər A.Mustafayev, Q.Bəybalayev, N.Məmmədov və C.Cəfərovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar da hüquqlarını müdafiə etdikləri şəxslərin barələrində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini söyləyiblər.
A.Mustafayevin digər vəkili vəsatət qaldıraraq cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.
Təqsirləndirilən şəxslər vəsatətlərə münasibət bildirərkən vəkillərinin dedikləri ilə razı olduqlarını deyiblər.
Günün ikinci yarısında keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəkillərin vəsatətlərinə münasibət bildirib.
O, sabiq nazir Ə.Abbasov və onun müavini İ.Məmmədovun məhkəmədə dindirilmə tələbinin rədd edilməsini deyib: “Nazirliyin digər vəzifəli şəxslərinin cinayət işi ayrıca icraata verildiyi üçün buna ehtiyac yoxdur”.
Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin bir qisminin baxılmamış saxlanılmasını, digərlərinin isə təmin edilməməsini istəyib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb.
Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası vəsatətlərin təmin edilmədiyini elan edib.
Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …