Cümə , 22 Noyabr 2024
Drone Cameras

AZAL Naxçıvana qarşı niyə ögey münasibət göstərir?

NAXÇIVAN HAVA LİMANINDA GÜNLƏRLƏ SKAMYALARDA YATAN YERLİ VƏ XARİCİ TURİSTLƏRƏ ZÜLM EDƏNLƏRİN MƏQSƏDİ BAŞADÜŞÜLƏN DEYİLDİR. 

Diaspor info saytının müxbirləri bu günlərdə Naxçıvan MR-da olublar. Naxçıvanda olarkən saytımızın əməkdaşları “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə də, görüşüb, ondan müsahibə alıblar. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü olan Əlmaniz Ələkbərli, saytımızın əməkdaşları ilə söhbəti zamanı Naxçıvan MR-a yaradılan süni problemlərdən də, danışıb: Mən uzun illərdir ki, Azərbaycandan kənarda yaşayıram. İşimlə əlaqədar xarici ölkələrdə olmağıma baxmayaraq, ata yurdum olan Naxçıvanı heç vaxt unutmuram, vaxt, zaman imkanım olan kimi ana vətənimə baş çəkirəm. Bu dəfəki səfərim zamanı Naxçıvana yaradılan süni problemlər diqqətimi xüsusi olaraq çəkdi. Belə ki, Naxçıvan hava limanında günlərlə yatıb qalan sərnişinlərin məzlum sifətlərinə baxdıqdan sonra hava limanında baş verənlərə biganə qala bilmədim. Sərnişinlər arasında İran, Türkiyə vətəndaşları ilə yanaşı Azərbaycanın digər rayonlarından da, vətəndaşlarımız var idi. Sərnişinlər arasında ilk dəfə Naxçıvana gələnlər də, var idi. Jurnalist olduğum üçün Naxçıvana ilk dəfə gələnlərlə səmimi söhbət etdim. Naxçıvan təəssüratlarını bölüşən soydaşlarımızın bəzi fikirləri diqqətimi daha çox çəkdi. Belə ki, Naxçıvanda ilk dəfə olanlar Mömünəxatun məqbərəsi, Əshabi-kəf ziyarətgahı ilə yanaşı yenicə istifadəyə verilmiş saat meydanından da, ağız dolusu danışdılar. Azərbaycanın digər rayonlarından olan sərnişinlər Naxçıvanda olan qayda-qanunun elə saatın özü kimi düzgün işləməsini xüsusi vurğuladılar. Lakin böyük bir problemlə üzləşdiklərini də, ürək ağrısı ilə qeyd etdilər. Artıq iki gündür ki, Naxçıvan hava limanında skamyaların üstündə yatdıqlarını və heç kimin bu problemi həll etmək iqtidarında olmadığını mənə də ayrıca bildirdilər. 


Problemin nə qədər ciddi və qlobal olduğunu nəzərə alaraq, bu məsələ ilə maraqlanmağa başladım. Sən demə hər il mart, avqust və sentyabr ayının 15-ə kimi “Azal” Naxçıvana sözün əsil mənasında qan uddurur. Bəzən minlərlə sərnişin yayın isti günlərində Naxçıvan hava limanında qalmalı olurlar. Vətəndaşları bir sual maraqlandırır. Azərbaycanda iri tutumlu təyyarələr yoxdur? Yoxdursa xarici ölkələrə uçan təyyarələri haradan almışıq? Neft ölkəsi, iqtisadi artımına görə dünyanın lider ölkələrindən biri olan Müstəqil Azərbaycan Respublikası yerli uçuşlarını təmin edə bilmirsə xarici ölkələrin hava məkanına necə uçur? Bəlkə səbəb başqadır? Blokadada olan Naxçıvandakı inkişafı qısqananlar var? Naxçıvanda hava limanında gecələyənlər deyir ki, nə qədər “Azal” şirkətinə zəng etsələr də, müsbət cavab ala bilməyiblər. 
Məsələyə məntiqlə yanaşarkən açıq-aydın görünür ki, problem süni yaradılır, həm də, “Azal” tərəfindən. Görəsən buna səbəb nədir? Yəni doğrudanmı “Azal” şirkəti oturduğu ağacın budağını baltalayır? Yəni “Azal”şirkəti doğrudanmı Naxçıvanda baş verənlərin dolayısıyla sosial partlayışa rəvac verdiyini anlamır? 
Dünyanın bir çox ölkələrini gəzən bir ziyalı kimi deyə bilərəm ki, Azərbaycandakı inkişaf təkcə xarici ölkələrdə qıcıq yaratmır. Qəribə burasındadır ki, bəzən bizim daxilimizdə də, inkişafımıza mane olan xüsusi qurumlar var. Hesab edirəm ki, Azərbaycanda Avropa mədəniyyətini dünyaya göstərən və özündə yaşadan Naxçıvan MR-sı üçün edilən bu ədalətsizlik bilərəkdən olunur. Düzdür “Azal” bu hərəkətləri ilə Naxçıvanda qarışıqlıq sala bilməz, çünki orada xalqla dövlət birliyi sarsılmazdır. Lakin Naxçıvan hava limanındakı süni yaradalan bu acınacaqlı vəziyyəti, muxtar respublikaya gələn qonaqlar başa düşə bilmirlər. Naxçıvana gələn qonaqların çoxu elə başa düşür ki, muxtar respublika blokadada olduğu üçün Naxçıvan istədiyi an, istədiyi təyyarəni Bakıdan tələb edə bilər. Lakin bu belə deyil, Naxçıvana uçan təyyarələrin tutumundan asılı olaraq, hər biri məhz “Azal” şirkəti tərəfindən göndərilir. Deməli, “Azal” şirkəti Naxçıvan MR-nın blokadada olduğunu, ölkə daxilindən quru yolu olmadığını nəzərə almalı və burada yaşanan problemləri dərhal həll etməlidir. Nəzərə alsaq ki, ərazisinin çoxu düşmən ölkə, ermənistanla sərhəddə yerləşir, deməli siyasi baxımdan da, buradakı problemləri həll etmək çox vacibdir.
Yəni doğrudanmı “Azal” şirkəti gözləyir ki, onların əvəzinə Dövlət başçısı qərar versin?
Hesab edirik ki, hər kəs öz işinə məsuliyyətlə yanaşarsa Azərbaycanımızda problemlərimiz də, az olar və digər inkişaf etmiş ölkələrin də, bizdə problem axtarmasına lüzum qalmaz. (diaspor.info)

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …