8 sentyabr tarixində Agentliyin ofisində “Elmi – analitik mərkəzlərin yaradılması perspektivləri və vətəndaş cəmiyyətinin imkanları” mövzusunda dəyirmi masa keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov , Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Agentliyin əməkdaşları, elm və təhsil yönümlü qeyri-hökumət təşkilatları iştirak ediblər.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, ölkəmizdə sabitliyin qorunması, arzu olunan tərəqqinin təmin olunması üçün müasir elmin köməyi ilə tövsiyələr hazırlamaq, yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirmək məqsədi ilə elmi – analitik mərkəzlərin yaradılması olduqca vacib məsələdir.
Yaradılacaq yeni beyin mərkəzi xarici ölkələrdə müxtəlif təbəqələrlə, xüsusilə elmi, mədəni mühitlə daha sıx əlaqələr yaradılmasına, Azərbaycanın geniş şəkildə təbliğ edilməsinə böyük diqqət yetirəcəkdir.
O cümlədən, bu cür mərkəzlərin təkmilləşdirilməsi, eyni zamanda müasir üslubda olması üçün qeyri-hökumət təşkilatlarının dəstəyi, təklifləri əhəmiyyətli və vacibdir. Daha sonra çıxış edənlər Müşahidə Şurasının üzvi İsrayıl İsgəndərov və iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildiriblər ki, yaradılması nəzərdə tutulan mərkəzin qarşısına qoyduğu əsas vəzifə Azərbaycanı onun tarixinə, mədəniyyətinə, iqtisadi potensialına uyğun səviyyədə bütün dünyaya daha yaxından tanıtmaq və qabaqcıl xarici ölkələrin təcrübəsindən mədəni, elmi və texniki naliyyətlərindən ölkəmizin tərəqqisində geniş şəkildə istifadə edilməsi üçün fəaliyyət göstərmək, ölkənin ahəngdar inkişafına kömək etmək, bu sahədə ən müasir tələblərə cavab verən elmi təminat bazasını yaratmaqdır.
Sonra çıxış edənlər qeyri-hökumət təşkilatlarının sədrləri – Yadigar Məmmədli, Aydın Əbilov, İbrahim Əliyev, Tahir Əmiraslanov, Telman Qasımov, Rəşad Əliyev, Səbuhi Abdullayev, Təhmasib Novruzov, İlham Məmmədov, Kamil Həmidov, Azər Ələkbərov, Samir Adıgözəlli bidiriblər ki, dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır.
Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur.
Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və təşkilatlar yaradılması nəzərdə tutulan elmi – analitik mərkəzlərin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər irəli sürüblər.