Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı tərəflər arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədildiyi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb. Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə baxmayaraq mövqelərimizə hücum etməkdə davam etdiyi diqqətə çatdırılıb.

Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb. Atəşkəsə əməl edərək, normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …