Avropa İttifaqı Ukrayna üçün rəsmi olaraq hərbi təlim missiyasına başlamaq niyyətindədir.
Boyukmillet.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
O bildirib ki, Rusiyanın təhdid və şantajlarına baxmayaraq, oktyabrın 17-də missiya rəsmi olaraq fəaliyyətə başlaya bilər.
Ali nümayəndə Aİ-nin Ukraynaya dəstəyinin davam edəcəyini söyləyib: “Biz Ukrayna ərazilərinin ilhaqını heç vaxt tanımayacağıq. Rusiyanın təhdidləri və eskalasiyasından qorxmayacağıq. Əksniə, biz Kiyevə dəstək strategiyamızı gücləndirəcəyik – hərbi, maliyyə və siyasi dəstəyimizi artıracağıq”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib. O deyib ki, Aİ Ukraynaya hərbi yardım göstərmək üçün missiya yaratsa, bu, ittifaqın münaqişədə iştirakı kimi qiymətləndiriləcək.
Qeyd edək ki, oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb.
Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.
Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.
Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.
Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.
Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.
(Report.az)