NUHÇIXAN xəbər verir ki, avqustun 24-dən sentyabrın 1-dək Türkiyənin Didim şəhərində 10-cu Viakamp Didim Beynəlxalq rəsm festivalı keçirilib. Festivalda Azərbaycanı Bakı şəhərindən 4, Naxçıvan şəhərindən isə 2 rəssam təmsil edib.
Festivalda dünyanın 11 ölkəsindən 70-ə yaxın rəssam iştirak edib. Festivalın ilk 2 günü ərzində iştirakçılar Didimin muzeyləri və tarixi yerləri ilə tanış olublar.
İştirakçılar dəniz kənarında yerləşən düşərgədə bu qədim şəhərdən aldıqları təəssüratları tablolar üzərinə köçürüblər. Fərqli texnikalarda işlənilən nümunələr sənətsevərlərin marağına səbəb olub. Festivalın sonuncu günü Didim “Qızılqum” bulvarında rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.
Sonda festival iştirakçılarına sertifikatlar təqdim olunub. Naxçıvanlı rəssamlar Həbib Allahverdiyev və Murad Babayev festivalda fəal iştiraklarına və uğurlu çıxışlarına görə diplomlara layiq görülüblər.