Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
Boyukmillet.com-un məlumatına görə, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.
Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.
Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.
66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.