Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şura ilə birgə “Təhsil islahatları və ictimai təşəbbüslər ” mövzusunda dəyirmi masa keçirilib.
Keçirilən görüşdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Günel Səfərova, İsrayıl İsgəndərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, “Peşəyönümlü Təhsilinin İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi, dosent İlham Əhmədov, elm, təhsil sahəsində çalışan qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə görüşü giriş nitqi ilə açan Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib ki, “Təhsil islahatları və ictimai təşəbbüslər” mövzusunda qeyri-hökumət təşkilatları ilə görüşlərin təşkil edilməsi olduqca aktual məsələdir. Çünki, qeyri-hökumət təşkilatları bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də uğurlu layihələr icra edirlər. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.
Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib ki, məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir. G.Səfərova bildirib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında yaradılan İctimai Şura vətəndaşların, dövlət idarəetmə prosesində yaxından iştirakı, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirir, ictimaiyyətlə məsləhətləşmələr, ictimai müzakirələr və ictimai dinləmələr, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi demokratik dəyişikliklər təhsilimizin daha da inkişafına və tərəqqisinə öz layiqli töhfəsini verir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Hesab edirəm ki, bu gün keçirilən görüşdə səsləndirilən təkliflər bu istiqamətdə daha məhsuldar olacaqdır.
Çıxış edən digər natiqlər Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, “Peşəyönümlü Təhsilinin İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi, dosent İlham Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavini Mirzə Cəfərzadə bildiriblər ki, təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir. O cümlədən, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” haqqında təqdimat edib.
Görüşdə çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri – İradə Əlili, Gülnarə Vəlixanlı, Səbuhi Abdullayev, Murad Ağalarov, Nərmin Zülfüqarlı, Fəxrəddin Həsənzadə, Azər Ələkbərov, Mayıs Əliyev, Kamil Həmidov, Esmira Rəhimova və Orxan Naqdiyev bildiriblər ki, müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.
Çıxışlardan sonra görüş qarşılıqlı diskussiya şəkilində davam edib və mövzu ilə bağlı təkilflər səsləndirilib.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …