Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verən Vüqar Oruc bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədri əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edən Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında əməkdaşlıq gücləndirilməlidir: “Məlumdur ki, son dövrlər iki qardaş dövlət – Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanır. Bu gün biz də belə bir tarixi sənədə imza atacağıq. Şadam ki, azərbaycanlı həmkarımla bir araya gəldik”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən iki qardaş ölkə arasında qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınması, bərabər layihələrin icra edilməsi qərara alınıb. Daha bir mühüm məqam isə Türk Dünyası Dəyərləmə Uzmanları Birliyininin ərsəyə gətirilməsi ilə bağlıdır. Qiymətləndirmə sahəsində Türk dövlətlərinin inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edilməsi barədə tərəflər razılığa gəliblər. Yeni yaranacaq birliyə Orta Asiyadakı türk dövlətləri və Quzey Kıbrıs Türk Cumhuriyyətinin də qoşulmalarını təmin etmək üçün birlikdə fəaliyyət göstərilməsi razılaşdırılıb.
Görüşdə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin icraçı direktoru Cansel Yazıcı və AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə iştirak edib.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 57 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycanda qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.
Vüqar Oruc iqtisadi fəaliyyətə başlamazdan öncə ictimai-siyasi fəaliyyətlə də məşğul olub. Ölkəmizin ilk gənclər təşkilatlarından birinin rəhbəri olan V.Oruc daha sonra Milli Qurtuluş Partiyasına rəhbərlik edib. Bu partiyanın kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı qərarından sonra hazırda siyasi fəaliyyətini hakim partiyada davam etdirir.
Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci isə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biridir. Eyni zamanda “EVA Real Estate Appraisal Consultancy Inc”in sədridir. 2009-2019-cu illərdə Kırşehir bələdiyyə başqanı olub.