Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tarixi qərar: Ölkə Türkiyəyə görə konstitusiyasını dəyişir

“İsveç Türkiyənin terrorla bağlı üzləşdiyi problemlərə aydınlıq gətirib. Terrorçuların ekstradisiyası ilə bağlı verdiyimiz sözü tutacağıq”.

Boyukmillet.com xəbər verir ki, bunu İsveç xarici işlər naziri Tobias Billström deyib.

Nazir Türkiyə ilə imzaladıqları anlaşma çərçivəsində ölkəsinin qanunlarında dəyişikliklər etməyə başladıqlarını bildirib.

“Məhkəmələrin müstəqilliyi o demək deyil ki, biz başqa qurumlarla əməkdaşlıq edə bilmərik”, – deyə Billström prokurorluq və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa işarə edib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının mübadiləsi İsveçin işini asanlaşdıracaq.

Qurumlararası əməkdaşlığın önəminə diqqət çəkən Billström deyib: “Üçtərəfli müqavilədə yer alan hər şeyi İsveç konstitusiyası və qanunları çərçivəsində son hərfinə qədər yerinə yetirəcəyik”.

İsveçin baş diplomatı PKK-nın beynəlxalq aləmdə terror təşkilatı kimi tanındığını vurğulayıb:

“Müstəqil məhkəmə sistemi öz işini görür. Təhlükəsizlik qüvvələri də PKK kimi terror təşkilatlarına qarşı mübarizə aparır. İsveçin etmək istədiyi məhz budur. Xarici işlər naziri olandan bəri dəfələrlə demişəm: yeni hökumət PKK-ya qarşı müdrik siyasət həyata keçirəcək. Bunun arxasındayıq”.

Billström FETÖ, PKK və digər terror təşkilatlarının üzvləri ilə bağlı dəlil və sənədlər əldə edilən kimi hüquqi addımların atılacağını vurğulayaraq, indiyədək 3 nəfərin Türkiyəyə ekstradisiya edildiyini bildirib.

Üçtərəfli müqavilənin imzalanmasından sonra qanunlarda edilən dəyişikliklər haqda danışan Billström konstitusiyaya edilən dəyişikliyin yanvarın 1-də qüvvəyə minəcəyini açıqlayıb:

“Konstitusiyanın müvafiq maddəsini terror təşkilatına qoşulmağı, onu dəstəkləməyi və ya gücləndirməyi cinayət edəcək formada dəyişirik. Martın 7-də parlamentə təqdim edəcəyimiz qanun layihəsi ilə İsveç Cinayət Məcəlləsində də dəyişiklik edəcəyik. Torpaqlarımızda terror fəaliyyətinin təbliği və terror təşkilatlarının bayraqlarının dalğalanması cinayət sayılacaq”.

Billström İsveçin üçtərəfli anlaşma çərçivəsində Türkiyəyə verdiyi vədləri addım-addım yerinə yetirdiyini deyib: “Konstitusiyaya dəyişiklik etmək heç bir ölkə üçün asan məsələ deyil. Amma biz bunu ona görə edirik ki, terrorla mübarizə imkanlarımızı təkmilləşdirməyə sadiqik”.

Nazir bu addımların Türkiyə ilə əl-ələ atıldığını vurğulayıb: “Minnətdaram ki, xarici işlər naziri Çavuşoğlu da görüşümüzdə bunu yüksək qiymətləndirdi. Bu onu göstərir ki, biz bu işi əl-ələ verib görürük”.

Billström konstitusiya və qanunlara edilən dəyişikliklərin Türkiyənin bir çox narahatlığını aradan qaldıracağına diqqət çəkib:

“Türkiyə terrorun maliyyələşdirilməsindən narahatdır. İsveç ərazisindən PKK kimi terror təşkilatlarına dəstək toplamaq üçün istifadə edilməsi ilə bağlı narahatlıqları var. Qanuni dəyişikliklərlə bunlar daha da çətinləşəcək. Ona görə də biz bu qanunları qəbul edirik”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …