Xəbər verdiyimiz kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Əbu-Dabi Dayanıqlılıq Həftəsi (ADSW) start götürüb. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub.
Ölkəmizin dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır.
Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də öz növbəsində, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfərini və Əbu-Dabi Dayanıqlılıq Həftəsində iştirakını siyasi, iqtisadi maraqlarımızın təmin olunması istiqamətində mühüm addım adlandırıb. O deyib: “Sevindirici haldır ki, son dövrlər Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Birləşmiş Ərəb Əmirlikləri bir çox platformalarda Azərbaycanın haqq işinə öz dəstəyini ifadə edib. Əlbəttə ki, bu, Azərbaycanın uzun müddət aparılan uğurlu xarici siyasətinin nəticəsidir”.
Birləşmiş Ərəb Əmirliklərinin siyasi və iqtisadi gücünün hər kəsə məlum olduğunu vurğulayan C.Hüseynzadə əlavə edib: “Azərbaycan özünün gücünü təkcə siyasi formatda deyil, eyni zamanda, iqtisadi sferada da göstərir. Müstəqil siyasət aparmaq üçün dövlətin iqtisadi gücünün artırılması vacib şərtdir. Ölkəmiz iqtisadi gücünü artırmaq üçün dayanıqlı və texnoloji inkişaf modellərindən istifadə edir.
Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkətdədir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi statusuna və təqdimat imkanlarına görə Azərbaycanın yaşıl enerji imkanlarının nümayiş olunması üçün mühüm platformadır”.