Milli Məclisin deputatı Fazil Mustafa Dərbənddə “Narın-Qala” yaxınlığında yaşayan azərbaycanlı uşaqların ana dilində tədris almaqdan məhrum olduğunu söyləyib.
Deputat “Facebook” sosial şəbəkəsindəki hesabında Dərbənd səfərinin təəssüratlarından yazaraq diqqəti həmin uşaqların üzərinə çəkib: “Dərbənd səfərimdə “Narın-Qala”ya qalxan yolun üzərindəki bəzi evlərin damından asılan qara bayraqları gördüm. Burada Azərbaycan türklərinin məskunlaşdığı anlaşılırdı. Burada tanış olduğum tabasaran xalqına mənsub insanların da dilimizdə rahat danışdığına görə dərhal uşaqlardan milli mənsubiyyətlərini sordum. İkisi də “Azərbaycanlıyıq!” dedilər. Danışıqları tam aydın, uşaqlara məxsus şıltaqlıqla ticarət terminologiyasından da çevik istifadə edərək illərdir burada əlüstü yemək üçün bir şeylər satmağa vərdiş etdikləri dərhal sezilirdi. Ənənəvi olaraq məktəbə gedib-getmədiklərini soruşdum. Söylədilər ki, məktəbə gedirlər, ancaq rusca oxuyurlar. “Bəs ana dilində necə, oxuyub-yazma bilirsinizmi” sualını verdim. Başlarını buladılar. Anlaşıldı ki, ana dilimizdə dərslər keçirilmir. Bundan öncə də qarşılaşdığım azərbaycanlılardan bu mövzuda bilgilər almağa çalışdım. Anlatdılar ki, Sovet dövründə 5-ci sinfə qədər Azərbaycan dilində ana dili dərsini tədris edirdilər, 1998-ci ildən bu yana artıq Azərbaycandan buraya dərslik də gəlmir. Əlbəttə, anlaşılandır ki, buradakı azərbaycanlılar Rusiya vətəndaşlarıdır və bu ölkənin qanunlarına uyğun da davranmalıdırlar. Ancaq Dağıstanda yaşayan xalqların təhsillə bağlı istənilən təşəbbüsünə hökumət ciddi yanaşır və dəstək verməyə çalışır. Bir xalq ki, təhsil almağın dəyərini anlayacaq qədər inkişaf etməyəndə, təşəbbüs göstərməyəndə, tələb etməyəndə, kimin nə vecinə ki, burada modern qafalı insan yetişməsinə yol açılsın. Ən maraqlısı da odur ki, Dağıstanın bütün məzhəblərində, təriqətlərində fəal olan azərbaycanlılar var, özlərinin ibadət etdiyi məscidlər var, ancaq hökumətdən məktəb tələb edən, ana dilində dərs keçilməsini istəyən bir icmadan danışmaq mümkün deyil.
Bir erməni, bir yəhudi başqa bir etnik və ya dini çoxluğun içində yaşamağa məhkum olanda, ilk gördüyü iş məktəb və ibadət yeri açmaq olur. Onlarda sinaqoq və yaxud kilsənin özü də bir çox hallarda təhsil məkanı kimi çalışır. İstanbulda son iyirmi ildə Ermənistandan köç etmiş erməni uşaqlarının dünyəvi təhsilini də məhz kilsə gerçəkləşdirir. İranda erməni məktəbləri ən yüksək səviyyədə təhsil verir. Tam əminliklə söyləyirəm ki, əgər azərbaycanlılar kütləvi şəkildə İran hökumətindən ana dilində təhsil tələb etsəydilər, təşəbbüslərini artırsaydılar, durum bugünkü qədər acınacaqlı olmazdı, onu əldə etməyi bacarardılar. Din, təriqət, məzhəb təəssübkeşliyində başqa xalqlarda daha çox aşırılığa gedən bir xalq nədənsə heç yerdə təhsil üçün fədakarlıq etmir. Bizdə də Sovet mirası olaraq təhsil vərdişi yayğınlaşsa da, təhsilə münasibətimizin bir xalq olaraq hələ də ciddi olduğunu düşünmürəm”.