Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci Zirvə Görüşü keçiriləcək. Bu tədbir özündə bir sıra mühüm məqamları ehtiva edir. Əvvəla, xüsusi qeyd etməliyik ki, bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının birinci yubileyi tamam olur. Tərəflər ötən 10 ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin şərtlərinə uyğun olaraq təşkilatın inkişafı üçün böyük səylər göstəriblər. Sıralarını getdikcə genişləndirən Türk Şurasının Naxçıvanda təsis olunması və ilk yubileyini Bakıda keçirməsi sözsüz ki, ölkəmiz, eləcə də hər bir azərbaycanlı üçün qürurvericidir.
Hazırda Bakı Zirvəsinə ciddi hazırlıq işləri aparılır. Həm təşkilatın İstanbulda yerləşən katibliyi, həm Zirvəyə ev sahibliyi edəcək Azərbaycan, həm də TDƏŞ üzvləri Türk Şurasının fəaliyyətində baş verən canlanmanın dinamizmini qorumaqda maraqlıdırlar. Təşkilatın yubileyini tərənnüm edəcək Bakı Zirvəsində gözlənilən mühüm siyasi məqamlar var. Budəfəki görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Macarıstan Prezidenti Yanoş Aderin iştirakı xüsusi qeyd edilməlidir. Mövzunun davamı olaraq daha iki faktı söyləmək yerinə düşər. Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası sentyabrın 14-də tamamlanıb. Digər önəmli məsələ isə sentyabrın 20-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeşt şəhərində ofisinin açılış mərasiminin keçirilməsidir. Bu tədbirdə TDƏŞ-in, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, macar rəsmiləri, yerli ictimaiyyət nümayəndələri, türkoloq alimlər, adıçəkilən ölkələrin diaspor üzvləri və digər qonaqlar iştirak ediblər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi həm Özbəkistanın Türk Şurasına qəbul olunması, həm də Macarıstanda təşkilatın ofisinin açılması ilə bağlı bəyanat yayıb. Eləcə də TDƏŞ üzvləri hər iki hadisəni yüksək dəyərləndiriblər. Bütün bəyanatlarda əminliklə ifadə olunub ki, təşkilatın sıralarının genişlənməsi getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək.
Özbəkistan hər zaman türk dünyasının, habelə böyük İpək Yolu boyunca yerləşən qədim Səmərqənd, Buxara və Xivə şəhərləri ilə türk-İslam tarixinin iqtisadi və mədəni beşiyi olan mərkəzlərdən biri olub. Bu ölkə zəngin milli və tarixi irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib. Bu gün Özbəkistan “coğrafi mərkəz” olaraq artan imkanları ilə yalnız qardaş ölkələr üçün deyil, bütün bölgə üçün yeni inkişaf mərhələsi təqdim edir. Qardaş Özbəkistan kimi Avropada mühüm coğrafi mövqelərə sahib olan Macarıstan da Avropada əhəmiyyətli geosiyasi mövqeyə və əlaqələrə sahibdir. Özbəkistan və Macarıstanın Türk Şurası evinə daxil olması yaxın gələcəkdə hər iki ölkənin sərhəd qonşularının da bu təşkilatda birləşmək istəklərinin ortaya çıxaracağını deməyə əsas verir. Bəli, hazırda Türk Şurası varlığına əzəmət verən şərq Naxçıvanından qərb Budapeştinə uzanan qardaşlıq və birlik yoludur.
Beləliklə, əvvəlcə Türk Şurasının açıq hədəflərinə nəzər yetirək:
-Türk dünyasının siyasi və mədəni inteqrasıyasına nail olmaq;
-Təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsini genişləndirmək;
-Qarşılıqlı olaraq səmərəli biznes və sərmayə mühiti yaratmaq;
-Turizmi kompleks şəkildə inkişaf etdirmək və s.
Ötən on ildə yuxarıda sadaladığımız fəaliyyət istiqamətləri barədə əhəmiyyətli bir inkişaf yolu qət olunub. İndi də Türk Şurasının fəaliyyət strategiyasında əldə olunan bir sıra uğurlardan bəhs etmək yerinə düşərdi:
– Türk Şurasının 2014-cü ildə başladığı “Modern İpək Yolu güzərgahı” turistik layihəsi hazırda uğurla davam edir;
– 2017-ci il fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın mahiyyətini yüksək dəyərləndiririk. Bu konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər. Dünyanın aparıcı KİV-ləri “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətini Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirdi. Bu konfrans Xocalı soyqırımı barədə beynəlxalq təşkilatın ilk tədbiri kimi tarixə düşüb;
-2019-cu il mayın 17-də Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət-sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib;
-ABŞ-ın Nyu-York şəhərində türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub;
-Oktyabrın 26-da Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Ankaradakı səfirliyində Naxçıvan Sazişinin 10 illiyi münasibətilə geniş tədbir və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev haqqında “Türk inteqrasiyasının arxitektoru” kitabının təqdimatı keçirilib.
Yuxarıda sadaladığımız faktlar sırasına Türk Şurasının Zirvə görüşlərində qəbul olunan tarixi qərarları, onların icrası istiqamətində görülən işləri, perspektivdə dayanan layihələrin həlli yolunda aparılan müzakirələri, eləcə də təşkilatın aidiyyəti qurumlarının birgə iclaslarını və təşkilata aid digər tədbirləri də əlavə edə bilərik.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artıb. Əminliklə deyə bilərik ki, bu dəfə Bakıda keçiriləcək, türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafına həsr olunacaq biznes forum daha mühüm məsələləri müzakirə edəcək.