Cümə , 22 Noyabr 2024
Drone Cameras

“AzeSERT HALAL” və “Marja” tandemi “Payım”dan nə istəyir?- Qərəzin kökündə duran səbəblər…

Son bir neçə gündür ki, “AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı halal qida istifadəçilərinin nəzərinə çatdırır ki, güya “Payım” kolbasa və sosiskaları “Halal” deyil. Mövqeyini də bununla əsaslandırır ki, “Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC tərəfindən AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələrinin kobud şəkildə pozulduğu aşkar edilib. Bəllidir ki, ciddi rəqabətin hakim olduğu kolbasa və sosiskaların satışı bazarında belə bir məlumatın dövriyəyə buraxılması istehsalçı müəsissə üçün olduqca böyük məsrəf və reputasiya itkisinə səbəb olur. Azinforum.az olaraq biz vəziyyətin həqiqətdə nə yerdə olduğunu araşdırmaq qərarına gəldik. Məlum oldu ki, əslində “AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı ilə məlumatın ilkin dövriyəyə buraxıldığı və daha çox iqtisadi profilli sayt kimi tanınan “Marja” bu məsələdə əməlli – başlı həmrəylik və qərəz nümayiş etdirirlər. Düzdür, ilkin məlumatda “Payım”ın da mövqeyinə yer verilib, ancaq məqaləyə elə başlıq seçilib ki, hədəfin ünvanı açıq görünür. Güya balans prinsipinin qorunduğu həmin məlumatın dərcindən sonra, “Marja” saytının yenidən “AzeSERT HALAL”a istinadən “Payımın” ətlərinin necə, hardan alınması ilə bağlı dərc etdiyi birtərəfli məqalə bir daha bu məsələdə hansısa korporativ marağın olduğunu açıq biruzə verir. Bəs əslində yaranmış qalmaqalın kökündə nə durur? Bunu dəqiq müəyyən etmək üçün “Payım” kolbasa və sosiskalarını istehsal edən “Al-Sana” MMC ilə əlaqə saxladıq.

Şirkətin hüquqşunası Kamran Əfəndiyev Azinforum.az-a bildirdi ki, “Al-Sana” MMC 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “AzeSERT HALAL” MMC-nin tərtib etdiyi məlum aktın və qərarın ləğv edilməsi üçün ərizə ilə müraciət edib: “Ərizəmiz əsaslı olduğundan Məhkəmənin 19 Sentyabr 2019-cu il tarixli qərarı ilə təmin edilib. Yəni, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə “AzeSERT HALAL” MMC-nin “Uyğunluq Sertifikat”-larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə qərarının icrası dayandırılıb. Proses yekunlaşanadək sertifikatlar qüvvədədir. Məndə olan məlumata görə, qarşı tərəf məhkəməyə şikayət verməyib”.

Kamran Əfəndiyev bildirdi ki, “Al-Sana” MMC bu ilin Dekabr ayından sertifikatlaşdırma orqanı olan “AzeSERT HALAL” MMC ilə əməkdaşlığı dayandırmağa qərar verib: “ Bu qərardan sonra “AzeSERT HALAL”ın şirkətə qarşı münasibəti pisləşib, ilk öncə akt tərtib edilib, sonra qərar qəbul edilib. “Uyğunluq Sertifikat”-larının ləğv edilməsinə əsas olaraq qida əlavələrini və ədviyyatları aldığımız şirkətlərin “Halal” sertifikatlarının olmaması göstərilib.“AzeSERT HALAL” bizdən tələb edir ki, aktda adları göstərilən şirkətlər ilə işləməyək. Əslində bu şirkətlərin çoxu “Halal” sertifikatlara sahibdirlər və biz məhkəmədə də təqdim etmişdik. Bir sıra qida əlavələri və ədviyyat istehsalçılarının isə “Halal” sertifikatı almasına ehtiyac yoxdur və ya onların sertifikatlaşdırılması üçün da standard və mexanizm də mövcud deyil. “AzeSERT HALAL” 2017-ci ilin Dekabr ayında sertifikatları bizə təqdim edən zaman da bu faktları bilirdi. Nə üçün həmin vaxt qida əlavələri və ədviyyat təchizatçılarının “Halal” sertifikatları tələb edilmədi və bizə “Halal” sertifikatı verildi?!. “Al-Sana” MMC Dekabr ayında müddəti başa çatan sertifikatların yenilənməsini “AzeSERT HALAL” MMC vasitəsilə həyata keçirmək istəmir, ehtimal ki, onlar müştərini itirməmək üçün bizə bu cür təzyiqlər edirlər. Həmçinin “AzeSERT HALAL” bizim təchizatçıların onlardan sertifikat almaları məqsədini güdür. Bizim vasitəmizlə onlara da təzyiq edilir, belə ki, “Biz təchizatçılardan sertifikat tələb edək, onlar da mallarını satmaq üçün məcbur olaraq “AzeSERT HALAL” sertifikat əldə etsinlər”. Biz Dekabr ayında sertifikatları “Azsert Halal”də yeniləməyəcəyik, beynəlxalq “halal” sertifikatı almağı nəzərdə tuturuq. Çünki biz ölkə xaricindəki bazarlara da iddialıyıq. Orda isə “AzeSERT HALAL”ın verdiyi sertifikatları tanımırlar. Bizə qarşı nümayiş olunan qərəzin kökündə məhz bu amil durur”. Hüquqşunas daha sonra açıqlamasında bildirdi ki, qanunvericiliyin tələbinə görə, məhkəmənin qərarı hansısa MMC-nin tərtib etdiyi qərardan və ya aktdan daha üsütün hüquqi qüvvəyə malikdir: “ Bu səbəbdən də həm məlumatı ötürən “AzeSERT HALAL”, həm də xəbəri tirajlayan media orqanı qanunvericiliyin tələblərini pozmuş olublar. Biz bu məsələni də hüquq müstəvisində həllinə nail olmağa çalışacayıq”.

Redaksiyadan: Əslində iki qurum arasında olan mübahisə ilə bağlı hüquq müstəvisində verilən qərarlara məhəl qoymadan, bir şirkətin digərinə əsassız olan media presinqindən istifadə etməsi yoverilməzdir. Təəssüf ki, biz bunu “AzeSERT HALAL” və “Marja” tandeminin iştirakında aydın şəkildə sezirik…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …