Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xocalı faciəsini unutmağa haqqımız yoxdur – Sergey Tupik

Xocalı soyqırımının 31-ci ildönümündə Ukraynanın Sumı vilayətinin Putivl şəhərindəki Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsini icra edən Sergey Tupik məqalə ilə çıxış edib.

Boyukmillet.com həmin məqaləni təqdim edir:

“İkinci Dünya müharibəsi zamanı nasistlərin hərbi cinayətləri bütün dünyaya məlumdur. 1942-ci ilin iyulunda nasistlər Sumı vilayətinin Novaya Sloboda kəndində 586 sakini qətlə yetirdi, 1943-cü ilin martında Çerniqov vilayətindəki kiçik Koryukovka şəhərində 7 minə yaxın insan öldürüldü.

Nasistlərin Belarus əhalisinə qarşı törətdiyi Xatın faciəsi, çexlərin Lidiçe soyqırımı, litvalıların Pirçyupis və fransızların Oradour-sur-Qlan əhalisinin kütləvi qırğını xalqların yaddaşında əbədi olaraq qalacaq.

Müharibə cinayətləri, insanlığa qarşı vəhşiliklər keçmişdə qalmalı idi. Təəssüf ki, bu, belə olmadı. Yarım əsr sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın kiçik şəhəri Xocalıda dəhşətli faciə baş verdi. Bu qəsəbə strateji mövqeyinə görə Ermənistan silahlı qüvvələrinin hücumunun episentrində idi. Həmin gecə erməni hərbi dəstələri rus ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı hərbçilərinin iştirakı ilə Xocalıya hücum etdilər. Nəticədə 63-ü uşaq, 106-sı qadın olmaqla 613 mülki şəxs həlak oldu. Bundan əlavə, 487 nəfər əlil, 150 nəfər itkin düşdü, 1275 nəfər, əsasən də qocalar, uşaqlar və qadınlar əsir götürüldü, orada zorakılıq və işgəncələrə məruz qaldı, 7 mindən çox əhalisi olan şəhər yerlə-yeksan edildi. Qaçmağa çalışan bir çox yerli sakin dağlarda donaraq öldü.

Faciədən uzun illər keçsə də, dinc azərbaycanlılara qarşı erməni qəsbkarlarının və Rusiya ordusunun 366-cı motoatıcı alayı hərbçilərinin dəhşətli cinayətləri ilə bağlı yeni hallar üzə çıxır.

Bu hadisələr Azərbaycan xalqının tarixinə qara səhifə kimi düşdü. Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, azərbaycanlılara qarşı hərbi cinayətlərə ədalətli reaksiya vermədi. Baxmayaraq ki, Xocalı şəhərinin əhalisinə qarşı cinayətlərin xarakteri və miqyası açıq şəkildə BMT Baş Assambleyasının 09.12.1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya aiddir. Bu konvensiya soyqırımın tanınmasının hüquqi əsaslarını müəyyən edir.

Cəzasızlıq yeni cinayətlər törədir. 1995-ci ilin iyulunda Serbiya ordusu tərəfindən Bosniyanın Srebrenitsa şəhərində 12-77 yaş arası təxminən 8000 müsəlman sakini öldürüldü. Müasir Avropa tarixində bu, əvvəlcədən planlaşdırılan ən böyük hərbi cinayət idi. Qeyd edək ki, Keçmiş Yuqoslaviya üzrə Haaqa Tribunalı və Beynəlxalq Ədalət Məhkəməsi Srebrenitsa qətliamını soyqırım kimi tanıyıb.

Bizim insanlığa qarşı hərbi cinayətləri, o cümlədən Xocalı faciəsini unutmaq haqqımız yoxdur. Putivl Dövlət Tarix-Mədəniyyət Qoruğunun Azərbaycanın Xarkovdakı fəxri konsulluğu ilə birgə təşkil etdiyi və keçirdiyi “Müharibə və soyqırım cinayətləri” adlı beynəlxalq elmi-praktik konfrans bu problemlərə həsr olunub. Tədbirin Ukraynanın Novaya Sloboda kəndində keçirilməsi də təsadüfi deyil.

Putivl şəhərindəki Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Hetman Paytaxtı” Milli Tarix-Mədəniyyət Qoruğunun (Baturın) və Koryukovski Tarix Muzeyinin əməkdaşları konfrans iştirakçılarını Ukrayna tarixinin faciəli səhifələri ilə tanış ediblər.

Azərbaycan nümayəndələri Xocalıda baş verən hərbi cinayətlərdən danışıblar. “Xocalı: 1992-ci ilin qanlı fevralında soyqırım aktı” filmini Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu, siyasi elmlər namizədi Əfqan Salmanov təqdim edib.

Konfransın qətnaməsində Ukrayna Ali Radasının VI və VII çağırışlarının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun katibi Oleq Medunitsa qeyd edib ki, bu tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinə bəşəriyyətin sivilizasiya inkişafını təhdid edən müharibə cinayətlərini və soyqırım dəhşətlərini çatdırmaqdır.

Təəssüf ki, 21-ci əsr yeni dəhşətli sınaqlar gətirdi. 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Artıq ilk aylarda ukraynalılar onun dəhşətlərini tam hiss etdilər. Ukraynanın Kiyev vilayətindəki Buça şəhərində rus əsgərləri tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədildi. Rusların şəhərin işğalı zamanı törətdikləri çoxsaylı vəhşiliklərə dair dəlillər martın sonunda rus qoşunlarının çıxarılmasından sonra ortaya çıxdı. Daha sonra 461 nəfərin dəfni aşkar edilib. Buça, İrpen, Borodyanka, Qostomel, Axtırka, Mariupol, Xarkov, İzyum, Baxmut və digər Ukrayna şəhərlərində rus ordusunun hərbi cinayətləri Ukrayna xalqının soyqırımı kimi yadda qalacaq.

Sergey Tupik

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …