Cümə , 22 Noyabr 2024
Drone Cameras

Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib  

Peru Konqresində Xocalı soyqırımı qurbanları anılıb və bununla bağlı bəyanat təqdim olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Peruda akkreditə olunmuş səfirlər və səfirliklərin əməkdaşları, universitetlər və yerli KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən səfirliyin əməkdaşı Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında iştirakçılara məlumat verərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının, habelə günahkarların layiqli cəzalarındırılması və gələcəkdə oxşar faciələrin baş verməməsinin önəmini vurğulayıb.

Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini və Xocalı soyqırımını tanıyan sənədlərin bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən qəbul edildiyini diqqətə çatdıraraq, bununla əlaqədar bu məsələdə ədalətli mövqe və həmrəylik üçün Peru tərəfinə öz minnətdarlığını bildirib.

Sonra çıxış edən Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Luis Arturo Aleqria Qarsia Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı ifadə edib, belə faciələrin yenidən baş verməməsi üçün təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. O, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edərək, Peru Konqresi tərəfindən faciənin 31-ci ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətnini oxuyub.

Sənəddə çox sayda insanın qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə sözügedən soyqırımının pisləndiyi bildirilib.

Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qala bilmədiyi qeyd olunub və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu deyilib.

Sonda Xocalı soyqırımının 31-ci ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə olunub.

Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib, iştirakçılara qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.

Xatırladaq ki, Peru Konqresi ötən il də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …