Prezident İlham Əliyev: “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.”
Ölkəmizdə bu gün hər kəs, hər bir qurum, hər bir ictimai təşkilat tərəfindən ən az diqqət yetirilən sahə ali təhsil sahəsidir. İstər təhsilin keyfiyyətinə, istərsə də təhsil verən ali təhsil ocaqlarına heç bir nəzarət yoxdur. Acı da olsa etiraf etməliyik ki, bu gün hər bir valideyn övladının sadəcə diplom almağı üçün oxumağını istəyir, ali məktəbə qəbul olan yeniyetmə gənc də bunu anladığı üçün oxuduğu təhsil ocağında təhsilini bir təhər başa vurub diplom sahibi olur.
Çünki bütün ali təhsil müəssisələrində vəziyyət eynidir. Gərəkli ixtisaslarda balların yüksək olmağı, qəbulları bilərəkdən çətinləşdirilmiş ixtisaslar, dövlət sifarişli yəni pulsuz yerlərin həddindən artıq az, təhsil haqlarının çox baha olmağı və digər mühüm problemlər ölkə təhsilinə ciddi zərbə vuran amillərdir. Necə olur ki, bir orta məktəb şagirdi həm məktəbdə müəllimdən təhsil alır, həm də məktəbdən sonra tamam başqa proqram üzrə əlavə 3-4 saat ödənişli olaraq digər müəllimlərdən hazırlıq dərsi alır, sonra da məktəbi bitirib ali məktəbə sənət verir, amma qəbul ola bilməyib ya dövlət universitetinin pullu fakültələrinə qəbul olur, ya da illik təhsil haqqı dövlətdən az qala iki dəfə baha olan özəl universitetlərə. Buna səbəb nədir? Sadaladığım bu böyük problemlər təkcə təhsilə deyil eyni zamanda dövlət büdcəsinə də zərbə vurur.
Misal üçün bizdə orta məktəb və ya kollec imtahanları nəticəsinə görə xaricdə təhsil ala bilmək şansı o qədər artıb ki, artıq bütün ölkələrin dövlət və özəl universitetləri ölkəmizdə təhsil biznesi qurub və hər il yüzlərlə, minlərlə çox sadə şərtlərlə gənci xaricdə təhsilə qəbul edirlər. Şərtlər bizdəki, imtahanlardan çox çox sadə və cəlb edicidir. Bu gün yüzlərlə xarici universitetlər imtahansız və təkcə attestatla qəbul proqramlarını təklif edir və təhsildən sonra, təhsil aldığı ölkədə qalıb işləmək vədləri verir, vədinə də əməl edir.Ölkə gəncliyinin ən birinci problemi oxumaq, təhsil almaq sonra da, ixtisası üzrə işləmək, gələcəyini qurmaq olduğunu nəzərə alsaq, xaricdə dörd illik təhsil haqqının ölkəmizdə cəmi bir illik təhsil haqqına bərabər olduğuna baxsaq, məsələnin ciddiliyini anlamış olarıq. Xaricdə ki, təhsil ocaqlarında isə, əksinə, hər şey çox dəqiqliklə hazırlanıb. Bu da tələbə olmaq arzusu olan minlərlə gəncə çox cəlb edici göründüyü üçün tərəddüdsüz razılaşırlar. İldə milyonlarla manat vəsait ölkəmizdən çıxaraq xaricdəki təhsil ocaqlarına, daha dəqiq desək xarici ölkələrə axır. Bu gün ölkə təhsilində ciddi islahatlara ehtiyac olduqca çoxdur. Vəziyyətin ciddiliyi nəzərə alınmalı, regionlarda ali təhsil müəssisələrinin sayı artırılmalı, qəbul imkanları sadələşdirilməlidir.
Ölkəmizin rifahına, inkişafına töhfə verəcək ixtisaslara uyğun sağlam təhsil sistemi yaradılmalıdır. Bu gün gənclərin böyük hissəsi alacağı təhsildən sonra vəziyyətin necə olacağını dəqiqləşdirə bilmədiyi üçün heç təhsil almaq barəsində də düşünmək istəmirlər. Təhsil Nazirliyi bu məsələrə ciddi yanaşmalı, ölkəmizin sağlam gələcəyini təhsillə təmin etməlidir. Bu gün ölkəmizin biliyi, mütaliəsi yüksək səviyyədə olan elmli gənclərə çox ehtiyacı vardır. Bu hal bütün sahələrdə, qurumlarda ciddi hiss olunmaqdadır. Bir çox özəl və dövlət təşkilatlarında çalışan gənclərin əksəriyyəti öz ixtisasına uyğun çalışmamaqdadır.
Sənan Qacar