Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan XİN: “Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”

“Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”.

Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.

Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır.

Sənədə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …