Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Türküstanda türk xalqlarının mədəniyyət festivalında təmsil olunub

Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə keçirilmiş türk xalqlarının mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib.

Türküstan vilayəti akiminin müavini Beysenbay Tajibayev və digər rəsmi şəxslər Azərbaycan guşəsini ziyarət ediblər.

“Qarabağ” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycan guşəsinə böyük maraq göstərən Qazaxıstanın yerli kütləvi informasiya vasitələrinə müsahibələrində milli mətbəximiz, süfrə mədəniyyətimiz barədə ətraflı məlumat verib və Azərbaycan icması adından qazax xalqını Novruz bayramı münasibətilə təbrik edib. Birlik sədri bu festivalda yüksək səviyyədə iştiraklarına görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Festival türk dövlətlərindən olan bütün nümayəndələrin müxtəlif təamlar, o cümlədən Azərbaycan milli təamlarının düzüldüyü eyni süfrə arxasına keçməsi ilə yekunlaşıb. Süfrə arxasında çıxış edən rəsmilər türk dünyasının bütövlüyündən və həmrəyliyindən danışıb, Novruz bayramını türk xalqlarını birləşdirən ən böyük milli adət-ənənələrdən biri adlandırıblar. Onlar bütün türk dövlətlərinə, o cümlədən Azərbaycana böyük sevgilərini ifadə ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin Qazaxıstana ezam olunan əməkdaşları da iştirak ediblər.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …