ABŞ Rusiya ilə nüvə savaşından yayınmaq üçün Avropa ölkələrinin viran qoyulmasına birbaşa müdaxilə etməyəcək… Bu baxımdan, Avropa ölkələrinin ABŞ-ın geopolitik oyunlarında alətə çevrilməsi, müəyyən mənada, “könüllü intihar” effekti yaratmış olacaq…
Ukrayna savaşı ətrafında yeni situasiya yaranmağa başlayıb. Prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsi beynəlxalq hərbi-siyasi dairələrdə müəyyən narahatlıq doğurub. Və indi bu məsələ ciddi şəkildə müzakirə mövzusuna çevrilib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyada səfərbərliyə alınacaq şəxslərə birbaşa müraciət edib. Ukrayna lideri Rusiya ordusunun gələcək hərbçilərinə xəbərdarlıq edib ki, döyüş bölgəsində onların həyatı real və qaçılmaz təhlükə altında olacaq. Ona görə də, prezident V.Zelenski Rusiya vətəndaşlarına əsasən iki variant üzrə davranmağı məsləhət görüb.
Həmin variantlardan birincisi Rusiya ordusunda xidmətdən imtina etməkdir. Ukrayna prezidenti bu variant nəticəsində məhkəmə qarşısında dayanmağın döyüş meydanında həyatını itirmədən daha yaxşı olduğunu vurğulayıb. İkinci variant kimi isə Rusiya vətəndaşlarına Ukrayna ordusuna könüllü şəkildə əsir düşmək məsləhət görülür. Prezident Volodimir Zelenski bu halda, rus əsgərinə sivil qaydada davranılacağını, onların hansı şəraitdə əsir düşdüklərinin gizli saxlanılacağını və üçüncü ölkəyə getməyə yardım göstəriləcəyini vəd edib.
Ukrayna prezidentinin bu məsləhətinin və vədlərinin hansı nəticələr doğura biləcəyi hələlik məlum deyil. Ancaq bəzi hərbi mütəxəssislər məcburi səfərbərliyə cəlb olunan rus əsgərlərinin əhəmiyyətli bir hissəsinin belə ciddi təminatlar qarşısında əsir düşməyə üstünlük verə biləcəklərini istisna etmirlər. Və bu baxımdan, belə ehtimalların nə qədər əsaslı olub-olmadığı yəqin ki, yaxın vaxtlarda aydınlaşdırmağa başlayacaq.
Ancaq ABŞ və Qərbin əsas narahatlığı Kremlin qismən səfərbərlik kampaniyasına paralellik təşkil edən, Rusiyanın reallaşdırmağa çalışdığı digər iki ssenari ilə bağlıdır. Belə ki, Kreml bir tərəfdən, Ukraynanın işğal olunmuş ərazilərində həmin bölgələrin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirir. Bu, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazilərinin zorla ilhaq olunması cəhdi kimi dəyərləndirilir.
Digər tərəfdən, Kreml bəyan edir ki, Rusiya ərazisinə hərbi müdaxilə ediləcəyi təqdirdə, nüvə silahından istifadə edilməsindən çəkinməyəcək. Eyni zamanda, Kreml referendumdan sonra Ukraynanın ilhaq olunmuş bölgələrini öz ərazi hesab edəcək. Yəni, əgər, həmin bölgələrə hərbi zərbələr endirilərsə, Rusiya bunu öz ərazisinə müdaxilə kimi qəbul edərək, nüvə silahı ilə cavab verəcək.
Prezident Vladimir Putin sonuncu xalqa müraciətində də vurğulayıb ki, Rusiya öz sərhədlərini və ərazilərini qorumaq üçün əlində olan bütün vasitələrdən çəkinmədən istifadə edəcək. Kreml sahibinin bu açıqlamasında nüvə silahının tətbiq olunacağına dolayısı eyham mövcuddur. Üstəlik, prezident Vladimir Putinin bu xəbərdarlığı ilə qətiyyən blef etmədiyini də açıq şəkildə vurğulamışdı.
Təbii ki, Qərb siyasi dairələrini ciddi şəkildə narahat edən əsas məqam da məhz budur. Düzdür, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmadığını bildirib. Ancaq Qərb siyasi dairələri bu məsələdə Ukrayna prezidenti qədər arxayın və optimist deyillər.
Məsələn, Avropa Birliyinin xarici əlaqələr və təhlükısizlik siyasəti komitəsinin sədri Jozep Borrel deyib ki, prezident V.Putin nüvə silahından istifadə ilə bağlı blef etmir. Ümumiyyətlə, onun nüvə zərbəsi ilə bağlı hədələrinə olduqca ciddi yanaşmaq lazımdır. O, Avropa Birliyini nüvə savaşı təhlükəsinə hazır olmağa da çağırıb.
Josep Borrel hesab edir ki, insanlar blef etmədiklərini söyləyəndə onları ciddiyə qəbul etmək lazımdır: “İndi şübhəsiz ki, çox təhlükəli dövrdür. Ancaq buna baxmayaraq, Avropa ölkələri Ukraynaya silah tədarükünü davam etdirməlidir, Rusiya qarşı sanksiyalar siyasətini dayandırmamalıdır”.
J.Borrelin fikrincə, V.Putinin hərbi-siyasi hədəfləri həm konkret, həm də aydındır. O, hesab edir ki, Kreml sahibi öz hərbi məqsədlərinə nail olana qədər savaşmaqda davam edəcək: “Bu, əlbəttə ki, narahatedici kursdur, amma biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Hərbi münaqişə diplomatik vasitələrlə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qoruyub, saxlaması şərtilə həll edilməlidir. Əks halda, gələcəkdə daha bir müharibə ilə üz-üzə qala bilərik”.
Göründüyü kimi, J.Borrel mövcud situasiyaya və Kremlin nüvə təhdidlərinə bir çoxlarından daha realist yanaşır. Halbuki, Polşa rəsmi dairələri də Kremlin hədələrinə Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyinə yaxın istiqamətdən yanaşır. Rəsmi Varşava hesab edir ki, Kreml nüvə savaşına cəsarət etməz: “Çünki, ABŞ-ın da nüvə silahına sahib olduğunu Kremldə çox yaxşı bilirlər”.
Belə anlaşılır ki, Ukrayna kimi, Şərqi Avropa ölkələri də birmənalı şəkildə ABŞ-ın onları qoruyacağına arxayındırlar. Üstəlik, rəsmi Varşavanın mövqeyi Ukrayna savaşı ətrafında baş verənlərə, o cümlədən də, Şərqi Avropa ölkələrinin davranışlarına məhz birbaşa Ağ Evdən nəzarət olunduğunu təsdiqləyir. Və bu prosesdə ABŞ-ın təlimatlarından kənar heç bir addımın atılmadığı artıq heç kimdə şübhə doğurmur.
Ancaq bu məsələnin daha bir maraqlı tərəfi də olmamış deyil. Şərqi Avropa ölkələrinin nüvə zərbəsinə məruz qalacağı təqdirdə, onların belə ciddi şəkildə güvəndiyi ABŞ-ın necə davranacağı da kifayət qədər ciddi suallar doğurur. Çünki, Ağ Ev adətən, müttəfiqlərinin deyil, məhz ABŞ-ın maraqlarına uyğun qərarlar qəbul edir.
İndiyə qədər Ağ Ev Rusiya ilə hərbi münaqişəyə birbaşa qatılmayacağını dəfələrlə vurğulayıb. Yəni, Ağ Rusiya ilə yalnız müttəfiqlərinin üzərindən savaşmağa üstünlük verir. Şərqi Avropa ölkələri nüvə zərbəsinə məruz qalacaqları təqdirdə, ABŞ sadəcə, müşahidəçi statusunda da davrana bilər. Bu baxımdan, ABŞ-ın Rusiya ilə nüvə müharibəsinə həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Və Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər.
Ona görə də, Rusiyanın siyasi dairələri belə arxayın şəkildə bütün dünyanı nüvə zərbəsi ilə təhdid edə bilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta Kremlin hansı şərtlər daxilində nüvə silahından istifadə edəcəyini də dəqiqləşdirib. S.Lavrovun dediklərindən belə anlaşılır ki, Rusiya “referendum”un nəticələri açıqlandıqdan sonra ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. Bu, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin bir müddət öncə gündəmə gətirdiyi xəbərdarlığın demək olar ki, eynilə təkrarıdır.
Bu baxımdan, hesab etmək olar ki, Rusiya öz mövcudluğunu qorumaq üçün əlindəki son vasitəni – nüvə silahını artıq dövriyyəyə soxmağa başlayıb. Kreml hətta öz savaş propoqandaçılarının diliylə nüvə zərbəsinə məruz qalacaq hədəfləri də dəqiqləşdirib. Belə məlum olur ki, Kreml Ukrayna ilə yanaşı, Brüssel (Avropa Birliyi, NATO) və Londona (anqlosaks ittifaqının siyasi-ideoloji mərkəzi) da nüvə zərbəsi endirmək niyyətindədir.
Bəzi ehtimallara görə, Kreml öz planını reallaşdırarsa, ABŞ Rusiya ilə nüvə savaşından yayınmaq üçün Avropa Birliyini qurban verə bilər. Ağ Evin Avropanın, o cümlədən də ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniyanın paytaxtı Londonun viran qoyulmasına sadəcə, siyasi qınaq bəyanatları reaksiya verəcəyi gözlənilir. Bu halda, Avropa ölkələrinin ABŞ-ın geopolitik oyunlarında alətə çevrilməsi müəyyən mənada, könüllü intihar effekti yaratmış olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu