Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda təkcə Azərbaycan-ABŞ münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə də yer ayrılıb.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
O, qeyd etdi ki, ABŞ Prezidentinin məktubda Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək və humanitar yardımının göstərilməsi də yüksək qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin hər zaman dövlətlərin suverenliyi məsələsində ciddi mövqe sərgiləyib və mövqeyi bütün dövlətlərdən də Azərbaycanın suverenliyi məsələsində eyni formada tələb edib.
Cəsarət Hüseynzadə qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Prezidnet İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda əsas yer alan məqamlardan biri də ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir: “Bu əməkdaşlıq çərçivəsində ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində uğurların əldə olunması diqqətə çatdırılır. Azərbaycan bütün ölkələrdə bərabərhüquqlu münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə önəm verir. Bu sırada Qərb dövlətləri və ABŞ xüsusi əhəmiyyət malikdir. Və bu münasibətlər hazırda əksər Qərb ölkələri ilə geniş və artan templə davam edir. Hesab edirəm ki, hazırkı şəraitdə ABŞ və digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə, bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə öz töhfələrini verməlidirlər. Bu töhfə üzümüzə gələn onilliklərdə regionda sülhün və sabitliyin təmin olunması üçün vacib amildir.
Prezident Baydenin məktubunda qeyd olunduğu kimi ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi məhz bu istiqamətdə birgə fəaliyyətin yeni reallıqlar nəzərə alınmaqla daha da inkişaf etdirilməsi regionda inkişafın təmin olunmasına əlavə və vacib dəstək ola bilər”.
Cəsarət Hüseynzadə bildirib ki, eyni zamanda məktubda göstərilən ABŞ-ın Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etmək təklifi də işğaldan azad olunmuş ərazilərdə yaxşı bir fəaliyyət proqramı ola bilər: “Yeni qlobal çağırışların olduğu və Azərbaycanın 44 günlük müharibəni qələbə ilə başa çatdıraraq yeni reallıqlar yaratdığı bir dövrdə ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha ifadə etməsi vacib məqamlardandır.”
Yaqut Ağaşahqızı, “İki sahil”