ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Vaşinqton şəhərində, Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirib.
Boyukmillet.com-un xəbərinə görə tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini – Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması qəti şəkildə pislənilib.
Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.
Etiraz tədbirində Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Tədbirə ABŞ-dakı türk icmasından da dəstək gəlib.
Aksiyada Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.
Vüsalə Abbasova