Bazar , 23 Fevral 2025
Drone Cameras

ABŞ Konqresi BMT-dən çıxmaq məsələsini müzakirə edəcək

“BMT müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilməyib”

ABŞ-nin respublikaçı senatorları Konqresə ölkənin Birləşmiş Millətlər Təşkilatından tamamilə çıxmasını tələb edən qanun layihəsi təqdim ediblər.

Layihənin mətni təşəbbüsün müəlliflərindən biri, Enerji Komitəsinin sədri Mayk Linin (Yuta ştatı) saytında dərc olunub.

Qanun layihəsi BMT və onun agentlikləri üçün maliyyənin kəsilməsini, ölkənin təşkilatın sülhməramlı missiyalarında iştirakdan imtinasını, Senatın razılığı olmadan ona yenidən daxil olmağın qadağan edilməsini nəzərdə tutur.

Li qanun layihəsini “illərlə nəzarətsiz bürokratik genişlənməyə və amerikalı vergi ödəyiciləri hesabına BMT tərəfindən maliyyə sui-istifadəsinə” cavab adlandırır.

“BMT tiranların platformasına və Amerika, həmçinin də müttəfiqlərinə hücum etmək üçün bir yerə çevrilib. Bunun üçün pul ödəməyi dayandırmalıyıq. Prezident Tramp Amerikanı birinci yerə qoyaraq xarici siyasətimizdə inqilab etdiyi üçün biz bu saxta təşkilatdan qopmalı və ölkəmizi təhlükəsiz və firavan saxlayan real ittifaqlara üstünlük verməliyik”, – Mayk Li “Fox News”-a müsahibəsində deyib.

Senator Li həmçinin deyib ki, BMT bu illər ərzində bütün diqqət və pula baxmayaraq, müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilməyib.

2025-ci il fevralın 4-də Amerika Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-də iştirakını yenidən qiymətləndirmək üçün fərman imzalayıb.

Onun fikrincə, təşkilat zəif idarə olunur və qarşıya qoyduğu məqsədləri yerinə yetirmir.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …