Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

ABŞ-nin daha bir şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyannamə imzalanıb

ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar iki bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən dəhşətli qətliam hesab etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə günahsız insanın Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olduğu, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox insanın amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın əsir götürüldüyü qeyd olunub. Bəyannamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəkləndiyi xüsusi vurğulanıb.

Qeyd olunan faktları nəzərə alan Hallandeyl Biç şəhərinin meri Coy Kuper 2024-cü il fevralın 26-nın Xocalı qətliamının 32-ci ildönümü kimi anılması barədə bəyannamə imzalayıb. Şəhər meri Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinə təqdim edib.

Görüşdə çıxış edən Florida Azərbaycan Amerika İcmasının rəhbəri Esmira Bayramova Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bəyannamə Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova və Azərbaycan Amerika Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovanın təşəbbüsü və müraciəti əsasında qəbul edilib.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …