ABŞ Rusiyanı Ukraynanın nüvə obyektləri yaxınlığında hərbi əməliyyatları dayandırmağa çağırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Kreml dərhal Ukraynanın nüvə obyektləri yaxınlığındakı bütün hücumları dayandırmalı, həmçinin mülki personalın orada öz işlərini görməsinə icazə verməlidir”, – dövlət katibi vurğulayıb.
Blinken hesab edir ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində Avropada sabitlik təhlükə altındadır.
“Biz kritik bir dövrdə Brüsseldəyik. Avropada sabitlik Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi ilə sınaqdan keçirilir”, – amerikalı diplomat qeyd edib.
Blinken bundan əvvəl Ukraynadakı münaqişənin dayandırılması üçün mümkün olan hər şeyi etməyə sadiq olduğunu bildirmişdi. Fevralın sonunda o, hərbi əməliyyatla bağlı ruslara rus dilində müraciət edərək bildirib ki, Rusiya və Ukrayna xalqları sülh şəraitində yaşamağa layiqdirlər.