ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər.
Boyukmillet.com xəbər verir ki, bu barədə senator Rocer Vikerin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq.
Qeyd olunub ki, demokratlar Stiven Koen və Mark Veasi, respublikaçılar Co Vilson və Riçard Hadson təklifi dəstəkləyən təşəbbüsü Nümayəndələr Palatasına təqdim edəcəklər.
Senatorların təklif etdiyi qanun layihəsində “Vaqner” ÖHŞ-yə və ya onun davamçılarına bağlı olan istənilən strukturların” xarici terror təşkilatları elan edilməsi də təklif edilir. Bir təşkilata terror strukturu statusu verməklə ABŞ onun üzvlərinə qarşı cinayət işi açmaq və bütün dünyada beynəlxalq aktivlərinə nəzarət etmək hüququ verir.