Ötən həftə Rusiya istehsalı olan S-400 raketdən müdafiə komplekslərinin ilk partiyasının Türkiyəyə gətirilməsinə başlanıb. Sistemlərin ilk partiyasının əsas komponentlərinin Türkiyəyə çatdırılması bu həftə ərzində başa çatacaq.
“İzvestiya” qəzeti öz mənbələrinə istinadən bildirir ki, tərəflər arasında bağlanan müqavilə tam olaraq 2020-ci ilin aprelinə kimi reallaşacaq. Vurğulanır ki, Rusiya hökuməti “S-400” komponentlərinin sürətli və fasiləsiz olaraq daşınması üçün hava körpüsü yaradıb. Eyni zamanda qeyd olunur ki, ilk dəfədir belə bir həcmdə texnikanın daşınmasında nəqliyyat aviasiyasından istifadə olunur.
Ancaq Türkiyənin Rusiyadan S-400 almasına əvvəldən qarşı çıxan ABŞ-ın Ankaraya qarşı sanksiya tətbiq edəcəyi gözlənir. Qərb mediası ABŞ-ın sanksiyalarla bağlı yekun qərarını verdiyi və yaxın günlərdə élan edəcəyini yazır. “Euronews” isə ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağını bildirir.
Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo ölkəsinin Amerika qanunları gərəyi S-400 aldığına görə Türkiyəyə sanksiya tətbiq etmək məcburiyyətində olduğunu deyib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzetinə açıqlama verən Pompeo prezident Donald Trampın ABŞ qanunlarına əməl edərək bu barədə qərar verəcəyinə ümid etdiyini deyib.
Dövlət katibi CAATSA (Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət, (Countering America’s Adversaries Through Sanctions Act) nəzərdə tutaraq, qanunlara görə, Rusiya ilə önəmli silah sazişləri imzalayan ölkələrə sanksiya tətbiq edilməsinin məcburi olduğunu vurgulayıb.
“Qanunlar sanksiyaların tətbiq edilməsini tələb edir və mən əminəm ki, qanunlara əməl edəcəyik. Prezident Tramp bu qanunlara əməl edəcək” – Pompeo bildirib.
Prezident Trampın isə hansı qərarı verəcəyi hələlik məlum deyil. Bir müddət əvvəl Yaponiyada təşkil edilən G-20 Zirvəsində Ərdoğanla görüşən Tramp iki ölkə arasında yaşanan S-400 böhrana görə özündən əvvəlki prezident Barak Obama rəhbərliyini məsul tutmuşdu.
“Prezident Ərdoğan Obama rəhbərliyindən “Patriot” almaq istədi, lakin icazə verilmədi. Bu dəfə Rusiya ilə S-400 almaq üçün müqavilə bağladı və pul ödədi. Obama dövründə Türkiyəyə ədalətli davranılmadı” – Tramp deyib.
“Foreign Policy” dərgisi isə, ABŞ sanksiya tətbiq edəcəyi halda, Ankaranın Orta Şərqdə döyüşən ABŞ qüvvələri üçün çox önəmə sahib və eyni zamanda onlarla Amerika nüvə silahının saxlandığı “İncirlik” hərbi hava bazası təhdidini, yəni bazaya girişi məhdudlaşdırmaq məsələsini masaya yatıra bilər. Adı açıqlanmayan Amerika rəsmisi dərgiyə açıqlamasında, Türkiyə bu addımı atarsa, vəziyyətin dəyişə biləcəyini deyib.