Cümə , 26 Aprel 2024
Drone Cameras

Türkiyə – Rusiya S-400-lər anlaşması Cənubi Qafqazda Azərbaycanın da mövqeyini gücləndirir…

Qardaş Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almağa başlaması Cənubi Qafqaza da təsirsiz ötüşməyərək, artıq burada yeni geosiyasi reallıq yaradır. Belə görünür ki, qarşıdakı dövr ərzində yeni geosiyasi reallığa uyğun olaraq Türkiyənin Rusiya vasitəsilə bu regionda mövqeləri əhəmiyyətli dərəcədə güclənəcək. Belə vəziyyət, öz növbəsində, Azərbaycanın maraqlarına cavab verir.

Ümumiyyətlə, qarşıdakı dövr ərzində regionda Azərbaycan-Türkiyə-Rusiya üçbucağında münasibətlərin əhəmiyyətli dərəcədə güclənməsi, bu dövlətlərin regionun əsas güc mərkəzi olması gözlənir. Hazırda Qərb tərəfindən sıxışdırılan Türkiyə indi Rusiya ilə bütün istiqamətlərdə daha sıx münasibətlər qurur. Bu münasibətlərin əhatə etdiyi əsas zonalardan biri də məhz Qafqazdır. PROSESLƏR göstərir ki, indi Rusiya-Türkiyə münasibətləri tam yeni mərhələyə qədəm qoyur. Belə vəziyyətdə alınan  S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artırır. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlamağı düşünür. Hadisələrin bu səpkidə inkişafı artıq ABŞ-da ciddi narazılıq yaradıb. “Euronews” telekanalı bildirir ki, Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün rəsmi Ankaraya qarşı sanksiyalar paketi hazırlayıb. ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar paketinin iyulun 16-dan sonra elan olunacağı gözlənilir. Birləşmiş Ştatlar Türkiyədə 15 iyul – dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümü ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiqini bir qədər ertələyib. Belə ki, rəsmi Vaşinqton sanksiyaların bu hadisə ilə assosiasiya olunmasından ehtiyatlanır. 

Xatırladaq ki, ötən ay “Bloomberg” nəşri hadisədən məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ prezidenti Donald Trampın Administrasiyası Türkiyənin S-400 komplekslərini alması ilə bağlı rəsmi Ankaraya qarşı artıq iyulda üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir. Agentliyin məlumatına görə, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi Türkiyə iqtisadiyyatını tamamilə silkələməyə hesablanıb. Bundan əlavə, ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almasını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Amma Ankara, sanksiyalara rəğmən, geri çəkilməyi düşünmür. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyənin bu raketləri almasının səbəbini ölkəsinin təhlükəsizliyi ilə əlaqələndirib: “Rusiyadan 2020-ci ilə qədər bu raketlərin tədarükü davam edəcək. Bu raketlər ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. Biz ölkəmzin təhlükəsizliyini təminat altına almaq istəyirik. Bu tarixi anlaşmadır. Biz Rusiya ilə S-500-lərin ortaq istehsalı üçün addım atmağa hazırlaşırıq. Biz dürüst tacirik. Gərəkən addımı vaxtında ABŞ atmalı idi, alternativ variant irəli sürməli idi”. Ərdoğan F-35-lərlə bağlı yaranacaq problemə də toxunub.

Bildirib ki, ABŞ-ın hazırkı addımları strateji ortaqlığa və dostluğa yaraşan deyil: “İndi bizi sanksiya ilə hədələyirlər. Digər yandan da, Avropa İttifaqı Aralıq dənizindəki fəaliyyətimizlə bağlı bəyanat yayır, bizi sanksiya ilə hədələyir. Bunların çoxu blefdir, qulaq asmamaq lazımdır”.

Hazırda ABŞ-da daha çox Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışır. Hətta ABŞ-da senatorların bir qrupu prezident Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb: “Biz prezident Trampı “ABŞ-a tərəfdaş olmayanlara qarşı sanksiyalar haqqında” qanuna əsasən sanksiya tətbiq etməyə çağırırıq. Bundan əlavə, F-35-lərlə bağlı proqramı qeyri-müəyyən vaxta qədər dayandıran Türkiyənin ümumiyyətlə bu proqramdan çıxarılmasını tələb edirik”. Sözügedən sənədə Respublikaçıların silahlı güc komitəsinin rəhbəri Cim İnxof, Demokratlar komitəsinin rəhbəri Cek Rid, Respublikaçılar və Demokratların beynəlxalq əlaqələr komitəsinin rəhbərləri Cim Riş və Bon Menendes imza atıb.

Lakin bunlara rəğmən,  Ankara da geri çəkilmir. Politoloqlar bildirir ki, Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Çünki Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya, istər-istəməz, Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayacaq. Məhz belə vəziyyət Azərbaycanın regionda maraqlarına tam cavab verir.

Eləcə də ABŞ tərəfindən sıxışdırılan Türkiyə Rusiya ilə iqtisadi və digər müstəvilərdə də yaxınlaşacaq. Bu amil də Azərbaycanın lehinə işləyən məqamlardan sayılır. Çünki Türkiyə-Rusiya iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcək və bu prosesdə yaxından iştirak edəcək ölkələrdən biri də məhz Azərbaycan hesab olunur. Bu fonda xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı kimi geosiyasi dinamikada xüsusi yer tutan dövlətdir. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-İran-Rusiya və digər əməkdaşlıq formatlarını xatırlamaq kifayətdir. Digər tərəfdən, qlobal və regional miqyasda baş verən geosiyasi proseslər bir daha təsdiq edir ki, Avrasiyanın geosiyasi taleyi ilk növbədə Rusiya və müstəqil türk dövlətləri arasında olan münasibətlərdən xeyli dərəcədə asılıdır. Bunu Rusiyada indi açıq etiraf edirlər. Bütün bunlar Azərbaycan-Türkiyə-Rusiya geosiyasi üçbucağının artıq bir zərurət olaraq meydana gəldiyini və tərəflərin hamısı üçün sərfəli olduğunu bir daha sübut edir. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …