2021-ci ildə “Bahar” yatağından 243 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
Boyukmillet.com-un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, 2020-ci ildə yataqdan 231 milyon kubmetr qazın hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 5,2 % azdır.
2019-cu ildə isə bu göstərici 178,45 milyon kubmetr təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 36,17 % azdır.
Bundan başqa, 2021-ci ildə “Bahar” yatağından 0,24 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır. Məlumata görə, 2020-ci ildə də yataqdan 0,24 milyon barel neft hasil olunması proqnozlaşdırılıb. 2019-cu ildə isə bu göstərici 0,20 milyon barel təşkil edib ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən 20 % azdır.
Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə “Bahar” yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi. Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.
Xatırladaq ki, “Bahar” yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. “Bahar” qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.
“Bahar Energy Limited” əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın “Greenfields Petroleum” şirkətinə məxsusdur