“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi”.
Bunu Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev “Facebook” hesabında yazıb:
“Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil. Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz.
Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”.
“Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir.
Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”, – deyə deputat bildirib.