Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun “Qafqazinfo”ya müsahibəsi:
– Hazırda ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimidir. Bununla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti və pandemiya ilə mübarizədə hamını birliyə çağırmaları nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanıb. Qardaş Türkiyənin Azərbaycanın pandemiyaya qarşı gördüyü qabaqlayıcı tədbirləri təqdir etməklə bərabər bütün dünyaya Azərbaycanın apardığı mübarizə üsulundan istifadə etməyi məsləhət görməsi bizlərdə qürur hissi yaradıb. Biz inanırıq ki, ölkə rəhbərliyinin təxirəsalınmaz fəaliyyəti və pandemiya ilə mübarizə üçün yaradılan qərərgahın əməli işi nəticəsində biz qısa zamanda bu bəladan qurtula biləcəyik. – Ağdam rayonunda bununla bağlı vəziyyət necədir?
– Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik 35 mobil qrup yaradılıb. Bu qruplar daima əhali arasında olaraq onları maarifləndirmək, eyni zamanda köməyə ehtiyacı olan ahıl, xəstə insanlara yardım etmək üçün təyin olunublar.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri də davam etdirilir. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri hər gün həyata keçirilir. Bu günə qədər Ağdam rayonu ərazisində hər hansısa yoluxma və ya yoluxma ehtimalı oluna biləcək bir hal baş verməyib. İnşallah da baş verməyəcək.
– Əhali karantin qaydalarına riayət edirmi?
– Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə Ağdam rayonunda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Ağdam rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb. Eyni zamanda rayona giriş çıxış tamamilə məhdudlaşdırılıb. İdarə, müəssisə və təşkilatlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə uyğun olaraq işçilərin işə gəlmələri minimum say həddində müəyyənləşdirilib.
– Rayonda aztəminatlı adamlara yardım edilirmi?
– Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərilir.
Bu günə qədər rayon ərazisində və digər rayonlarda məskunlaşan Ağdamlı məcburi köçkünlərdən daha çox ehtiyacı olanlara ümumilikdə 1000-dək ərzaq bağlaması göndərilib. Gündəlikdə bu iş davam etdirilir. Hər gün orta hesabla 50-60 ailəyə baş çəkilir, onlara ərzaq bağlamaları paylanılır.
Əlavə olaraq, Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbəsində fəaliyyət göstərən “AĞDAM MARKET”də “Ehtiyacın var götür, imkanın var əlavə et” aksiyası başladılıb. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.
Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və nəzarəti ilə ölkə xaricində yaşayan ağdamlılar tərəfindən də ahıl, kimsəsiz və daha çox ehtiyacı olan 150-dən çox ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib, bu sahədə işlər davam etdirilir.
– Məcburi köçkün rayonu olaraq rayonda bu il hansı işlər görülməsi nəzərdə tutulur?
– Bildiyiniz kimi, Ağdam rayonu cəbhə xəttində yerləşən rayondur. Ərazisinin 77.4 faizi ermənilər tərəfindən işğal olunub.
Hazırda 204 min əhalinin 95 mini rayon ərazisində məskunlaşsa da, digər 110 minə qədəri respublikanın 62 şəhər və rayonunda məcburi köçkün həyatı yaşamaqdadırlar. Bütün bu çətinliklərə baxmayaraq rayonumuzda respublikanını digər rayonlarında olduğu kimi tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, bu il ərzində rayonda əhalinin rahat gediş-gəlişini təmin etmək və yol xərcinin minimuma endirilməsi təmin etmək məqsədilə bir sıra yolların, Səfərli kənd – Səfərli qəsəbə Zəngişalı kənd və Ağcabədi rayonu Hacılar kəndi- Qaradağlı kəndini birləşdirən yollar təmir olunaraq əhalinin istifadəsinə verilib. Bundan başqa, qarşıdakı aylarda 6000 nəfərə qədər əhalisi olan və rayonun kənd təsərrüfatının məhsullarının əkininin və istehsalının əsas hissəsini təşkil edən Ergi qəsəbəsinə gedən avtomobil yolu rayon rəhbərliyinin əməli işinin nəticəsi olaraq plana salınmış və qarşıdakı aylarda həmin yol təmir olunaraq istifadəyə veriləcək.
Həmçinin rayon ərazisində 3 yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşan 100- dən çox ailənin təbii qaz və elektrik enerjisində olan problemləri nəzərə alınaraq həmin ərazilərə qaz xəttinin və elektrik xəttinin çəkilməsi işlərinə başlanılıb.
İçməli su sahəsində də bir sıra işlər həyata keçirilmiş və bu işlər davam etdirilməkdədir. Rayon rəhbərliyinin Yaponiyanın ölkəmizdəki səfirliyi ilə apardığı iş birliyi nəticəsində onların maliyyə dəstəyi ilə rayon ərazisində bir neçə yerdə Çullu, Yüzbaşlı kəndlərində içməli su artezianı qazılmış və Üçoğlan, Qərvənd və digər yaşayış məntəqələrində yerlər müəyyənləşdirilmiş qazılması üçün işlər həyata keçirilir.
Eyni əməkdaşlıq əsasında rayonun Paşabəyli kənd uşaq bağçasının yerində yeni müasir üslubda uşaq bağçasının tikintisi işlərinə başlanılıb.
Əhalinin təsərrüfat suyuna olan tələbatı da rayon rəhbərliyinin daim diqqət mərkəzində olan işlərdəndir. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2020-ci il tarixli müvafiq sərəncamı ilə rayon ərazisində suvarma suyuna olan tələbatı qismən təmin etmək məqsədilə 20 ədəd subartezian quyusunun qazılması üçün 1.4 mln manat vəsait ayrılıb. Biz öz işimizlə həmin 20 ədəd subartezianın daha çox ehtiyac olan ərazidə qazılmasını təmin edərək sahibkarlar arasında bərabər bölgü prinsipini əsas götürdük.
Ağdam rayonunda Xındırıstan kəndində qədim tarixə malik olan Məscid tamamilə yenidən təmir olunaraq kompleks şəklinə salınmış və Məscidin ərazisində mərasim zalları tikilib. Bundan başqa, Xındırıstan kəndi ərazisində ümumi sahəsi 2 hektar olan istirahət parkı salınmış, parkın ətrafı hasara alınaraq xüsusi bəzəkli daşlarla üzlənib. Hazırda həmin parkın ərazisinin genişləndirilməsi üçün işlər aparılır.
Bundan əlavə, cəbhə xəttində yerləşən Qaradağlı kənd tibb məntəqəsinin əsaslı təmiri işləri yekunlaşıb.
Heydər Əliyev Prospektində təmir bərpa işləri davam etdirilir. Qarşıdakı dövrdə rayonun bir neçə yaşayış məntəqəsində Sarıhüseynli və Hacıturalı uşaq bağçalarının təmiri nəzərdə tutulub. Hazırda Quzanlı qəsəbəsi-Xındırıstan kəndi avtomobil yolunun əsaslı təmiri işləri aparılır.
Heydər Əliyev parkında təmir bərpa işləri nəzərdə tutulub. Məcburi köçkünlərin məskunlaşdıqları köçkün qəsəbələrində bu il ərzində 80 ədəd yaşayış evinin təmir edilməsi planlaşdırılır.
– İki ilə yaxındır ki, rayona başçılıq edirsiniz. Hansı dəyişikliklərə nail olmusunuz?
– Artıq 2 ilə yaxındır ki Ağdam rayonuna rəhbərlik edirəm. B Artıq rayonda olan bütün çatışmazlıqlar müəyyən olunmuş, onların aradan qaldırılması yolları dəqiqləşdirilib. Gündəlik işimizdə cənab Prezidentin hər bir dövlət məmurunun qarşısına qoyduğu vətəndaş məmnunluğuna nail olmağa çalışırıq. Cənab Prezidentin verdiyi tapşırıqlar cəbhə bölgəsi olan Ağdam rayonunda nöqtə və vergülünə kimi yerinə yetirilir.
– Qeyd etdiyiniz kimi, ölkə başçısı rayon rəhbərlərinə əhaliyə xidmət etməyi, onların problemlərini daim dinləməyi tapşırır. Siz bu tələb və tövsiyələrə necə əməl edirsiniz?
– Bildiyiniz kimi, ölkə başçısı daima çıxışlarında rayon rəhbərlərinə, məmurlara əhaliyə xidmət etməyi, onların problemlərini daim dinləməyi tapşırır. Ölkə rəhbərliyinin tələb, tövsiyələrinə mövcud qanunlarımız çərçivəsində əməl olunması üçün daima işlər həyata keçirilir. Belə ki, gördüyümüz bütün işlərdə və atılan addımlarda ilk öncə vətəndaşların haqlarının qorunması, onların problemlərinin dinlənilməsi və həll edilməsi üçün işlər həyata keçirilir. Yerli ərazi nümayəndələri və bələdiyyələrə daima tapşırılır ki, vətəndaşların problemləri yerində dinlənilsin, araşdırılsın və aidiyyəti üzrə həll olunması üçün bütün lazımı tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyəti olaraq da hər ay 4 dəfə olmaqla ərazilərdə səyyar qəbullar kecirməklə bərabər, İcra Hakimiyyətinin binasında hər gün müraciət edən sakinlərimizin müraciətləri həssaslıqla dinlənilərək onlara müvafiq köməkliklər olunur.
– Sizin rayon haqqında belə bir məlumat yayılıb ki, bu günlərdə bir aztəminatlı ailəyə deputat Ağalar Vəliyev tərəfindən ötən il Qurban bayramına görə verilmiş ərzaq paketi verilib. Bu barədə nə deyə bilərsiniz?
– Bəzi internet saytlarında və feysbuk səhifələrində deputat tərəfindən Qurban bayramına görə verilmiş ərzaq paketinin sakinlərə indi paylanılması ilə bağlı qərəzli, heç bir əsasa söykənməyən yazılar dərc olunub. Həmin dezinformasiya xarakterli və qərəzli olan yazını dərc edən sayt sonradan təkzib materialı yayımlamağına baxmayaraq xaricdə özlərini azadlıq fədaisi kimi qələmə verən Həbib Müntəzir kimiləri heç bir əsasa söykənmədən və araşdırmadan öz şəxsi feysbuk səhifəsində bu barədə yazıb. Onlara bildirmək istəyirik ki, hər hansı məlumatı yazarkən və ya yayarkən dəqiqləşdirsinlər və sonra yazsınlar. Bundan başqa da qeyd edim ki, ərzaq bağlaması verilən sakinin yaşadığı Baharlı qəsəbəsi hörmətli deputatın seçiciləri yaşayan qəsəbə deyildir. Hansısa qərəzli bir əməlin nəticəsi olaraq belə bir hal baş vermişdir ki, bunun da heç bir əsası yoxdur. Bütün bu kimi işlər ölkə rəhbərliyinin və onun rəhbərliyi altında həyata keçirilən işlərə kölgə salmaqdan başqa bir iş deyil.
Qeyd edək ki, deputat Ağalar Vəliyev tərəfindən bütün bayramlarda öz seçicilərinə göndərilən sovqat Ağdam RİH tərəfindən deyil, deputatın təyin etdiyi nümayəndənin iştirakı ilə paylanılır. Rayon İcra Hakimiyyəti yalnız təşkilatı işlərdə köməklik göstərir.
Günel Türksoy