Almaniyanın Detmold, Horn və Bad Meinberg şəhərlərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Odlar Diyarından Zəfərə doğru” adlı konsert keçirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
“Səslərin Harmoniyası” Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsertlərdə Almaniyada yaşayan müsiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestri, Oqtay Zeynalov-Şubert (skripka), Qreqor Şvarts (orqan), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara) və digər sənətçilər çıxış ediblər. Onların ifasında muğam, klassik musiqi və Azərbaycan xalq rəqslərindən ibarət əsərlər təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Festivalın təsisçisi, təşkilatçısı və bədii rəhbəri bəstəkar Xədicə Zeynalovadır. Konsertdən öncə bəstəkar tamaşaçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib.