Cümə , 22 Noyabr 2024
Drone Cameras

Anar Əsədli Xarici İşlər Naziri ilə görüşdü

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Şimali Kipr Türk Respublikasına (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) səfəri çərçivəsində növbəti görüşünü bu ölkənin Xarici İşlər Naziri, KKTC Ulusal Birlik Partiyasının Başqanı Tahsin Ertuğruloğlu ilə keçirib.

 İlk öncə Şimali Kipr Türk Respublikasına səfərin məqsədi barədə danışan A. Əsədli rəhbərlik etdiyi AY Partiyası haqda Xarici İşlər Nazirini məlumatlandırıb. İki qardaş ölkə arasında mövcud olan əlaqələrdən bəhs edən Anar Əsədli, münasibətlərin daha yüksək səviyyədə qurulmasının vacibliyini qeyd edib. Bu işdə hər iki ölkədə fəaliyyət göstərən siyasi təşkilat və ictimai qurumların da üzərinə məsuliyyət düşdüyünü vurğulayan AY Partiyasının Başqanı, siyasi partiyaların xüsusilə dövlətin xarici siyasətində fəal rol oynamalı olduğu fikrini dilə gətirib: “Bəzən hakimiyyətlərin, dövlət qurumlarının açıq ifadə edə bilmədiyi məsələləri, problemləri məhz siyasi partiyalar gündəmə gətirib, ictimailəşdirməlidir.” Bu baxımdan KKTC-nin müstəqilliyinin tanınması mövzusunu da ilk öncə 3 qardaş dövlətin – Türkiyə, Azərbaycan və Şimali Kiprin siyasi partiyaları dilə gətirməli və bu məsələdə birgə hərəkət etməlidirlər. AY Partiyasının Başqanı, məhz birgə fəaliyyətin arzulanan nəticəni verəcəyinə ümid etdiyini ifadə edib.

Qarşılıqlı anlaşma və xoş əhvalla müşayiət olunan söhbətdə iki ölkə arasında siyasi əlaqələrin inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.

Görüşdə AY Partiyası Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Başqan müavini Gülşən Hacıyeva iştirak ediblər.

Sonda Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirinə Azərbaycan bayrağı və Qarabağ zəfərinin simvolu olan Xarı bülbül hədiyyə edib. Tahsin Ertuğruloğlu da öz hədiyyəsini təqdim edib.     

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …