Meyxana ilə ciddi poeziyanın arasında heç bir bağ olmadığı halda, bəzi meyxanaçılar Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildiriblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev mətbuata bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir: “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”.
Anarın bununla meyxanaçılara AYB-nin qapılarını açdığını deyən ədəbiyyat adamları hesab edir ki, meyxanaçıların ciddi ədəbiyyatla əlaqəsi yoxdur. Ekspertlər deyir ki, meyxanaçıların kitabı yox, dəftəri yox, meyxananı bədahətən deyirlər və meyxana heç vaxt ədəbiyyat olmayıb, meyxanaçılar da şair deyillər. Ədəbiyyat adamları bildirir ki, normal yaradıcılığı olan adamların AYB-yə üzv qəbul olması problem olduğu halda, təşkilatın qapılarının meyxanaçıların üzünə taybatay açılması müsbət hal deyil.
Emil Rasimoğlu: “Elza Seyidcahanların, Namiq Mənaların üzvlük vəsiqəsinə imza çəkən məgər Anar deyilmi?”
AYB-nin üzvü, şair-publisist Emil Rasimoğlu “Bakı-Xəbər”ə bildirdi ki, AYB sədrinin bu məsələyə yanaşması təəccüblü deyil: “Bilirsiniz, öncə onu deyim ki, Anarın mövcud məsələyə münasibəti məni zərrə qədər də olsun heyrətləndirmədi. Çünki Yazıçılar Birliyində Anarın idarəçilik prinsipi hansı səriştəsizlikləri, hansı nöqsanları, sənət dəyərlərinin tapdanmasını necə ortaya qoyur, onu çox yaxşı bilirik, görürük.
Elza Seyidcahanların, Namiq Mənaların üzvlük vəsiqəsinə imza çəkən məgər Anar deyilmi? Yaxşı, belə olduğu halda indi durub bu Birlikdə hansı sənət meyarlarının qorunmasından söz açmaq olar? Və yaxud da Anarın hansısa meyxanaçının istəyinə müsbət reaksiyası niyə bizi heyrətləndirməlidir ki… Anar sanki and içib ki, AYB-yə bu məşəqqətli taleyi günbəgün yaşatsın. Necə ki, 37 ildir yaşadır…”
Tural Turan: “Anara çevrəsində müəyyən hadisələr, etirazlar zamanı onu müdafiə edəcək “kütbeyin” və istedadsız adamlar lazımdır”
Gənc şair Tural Turan “Bakı-Xəbər”ə bildirdi ki, əvvəla, meyxananın bədii ədəbiyyatla heç bir əlaqəsi yoxdur, o bədiə sənətidir. “Yəni sırf deyişmək üçün olan folklor nümunəsidir, folklorun da bədii ədəbiyyatla, sənətlə və sənətkarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Çünki o alt qatdır, bünövrədir. Yəni sənətkarlıq, sənət daha peşəkar yanaşmadır. Görünür, bu, Anarın peşəkar yanaşmadan, ədəbiyyatın, sənətin və sənətkartlığın nə olduğunu bilməməsindən qaynaqlanan bir haldır. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfi də, Anara çevrəsində müəyyən hadisələr, etirazlar zamanı onu müdafiə edəcək “kütbeyin” və istedadsız adamlar lazımdır. Onlara titul verib yanında saxlayır ki, bəd ayaqda onu müdafiə etsinlər. İstedadlı adamları ona görə istəmir ki, onların kölgəsində qalmasın. Hər şey bu qədər sadə, bu qədər bəsitdir” – deyə T.Turan bildirdi.
İradə SARIYEVA