Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentlik əməkdaşları Balakən rayonu, Qullar kəndində yerləşən fiziki şəxs Bəhramov Vilayət Əsəd oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçiriblər. Baxış zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcədə sanitariya-gigiyena, norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib.
İlkin baxış zamanı işçi heyətin xüsusi geyim formasından istifadə etmədən çalışdığı, müəsisədəki sanitar qovşağın birbaşa istehsal sahəsinə çıxışı olduğu müəyyən olunub.
Yoxlama zamanı istifadə olunan xammal və köməkçi materialların istehsal sahəsində, unun isə birbaşa divara bitişik, normativ texniki sənədlərin tələblərinə zidd olaraq saxlanıldığı, hazır məhsulun (çörəyin) yığıldığı rəflərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi aşkarlanıb.
Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə müvafiq olaraq digər tədbirlər həyata keçirilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.