Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Araik Arutyunyanın Moskvaya səfər etməsi sülh proseslərinin mənafeyinə uyğun olmayan pozucu hadisədir” – Aydın Quliyev

Törətdiyi insanlıq əleyhinə və müharibə cinayətlərinə görə Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilmiş erməni separatçı Araik Arutyunyanın hansısa siyasi xarakterli dəvətlə Moskvaya səfər etməsi regionumuzda ötən ilin noyabrında başladılmış kövrək sülh proseslərinin mənafeyinə uyğun olmayan pozucu hadisədir.

Bunu Trend-ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Arutyunyanın Azərbaycan xalqına və dövlətinə qarşı törətdiyi cinayətlərin milli və beynəlxalq hüquq normalarının sanksiyasına uyğunluğu şübhə doğurmur:

“Azərbaycan dövləti separatçı Arutunyana qarşı cinayət təqibini bütün qanun normalarına və prosedurlara uyğun başladıb. Arutunyanın cinayət təqibi altında olduğu dövrdə onun hərəkətinə dəstək verən və şərait yaradan bütün tərəflər məsuliyyət daşıyır. Özünü tanınmamış qondarma “DQR-in prezidenti” kimi təqdim edən Arutyunyanın Rusiyada müəyyən dairələrlə işbirliyində olması regionda Rusiyanın sülhməramlı missiyasının əleyhinə işləyir. Arutyunyanın şübhəli Moskva səfəri Azərbaycan, Rusiya və Ermənistanın 9 noyabr və 11 yanvar razılaşmalarının uğurla həyata keçirilməsinə qarşı təxribatdır. Dağlıq Qarabağ separatçılarının qondarma lideri Arutyunyanın Rusiya siyasi dairələri ilə işbirliyi içində görünməsi Rusiyanın sülhyaratma missiyasına ciddi ziyan vurur”.

Baş redaktor qeyd edib ki, Arutyunyanın Azərbaycan qanunları çərçivəsində beynəlxalq axtarışda olmasını Rusiyanın müvafiq orqanları bilməmiş deyil:

“Azərbaycanla Rusiya arasında imzalanmış hüquqi əməkdaşlıq sənədləri belə şəxslərin sərbəst hərəkətləri qarşısında ciddi maneə yaratmalı olduğu halda Arutyunyanın Moskvaya dəvət edilməsi anlaşılan deyil. Arutunyanın heç bir maneəsiz Xankəndidən Moskvaya siyasi dəvətlə səfər etməsi onun Rusiya siyasi və rəsmi dairələri tərəfindən himayə olunduğunu təsdiq edir. Qarabağ separatçılarının qondarma “liderinin ” Moskva səfərinin himayə edilməsi Azərbaycanın ərazi bütövlüyünə aşkar hörmətsizlikdir. Rusiyanın Qarabağda sülh və təhlükəsizliyin əsas təminatçısı olması onu separatçı Arutunyanla bağlı bütün sual və şübhələrin əsas hədəfinə çevirir. Separatçı Arutunyanın Moskva səfəri Rusiyanın izahat verməli olduğu müəyyən sualları ortaya qoyub.

Arutunyanın hansı pasportla və kimlərin dəvəti ilə Moskvaya gedərək orada kimlərlə görüşdüyünə dair suallara çox zəruri aydınlığı yalnız Rusiya gətirə bilər. Rusiyanın Qarabağda sülhyaratma missiyasına Azərbaycan xalqının və dövlətin etimadının tam olması üçün Rusiyanın rəsmi izahının həlledici əhəmiyyəti var”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …