Çərşənbə , 8 May 2024
Drone Cameras

Araz Aslanlı: Azərbaycan-Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional müstəvidə çox vacib amildir

Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə malikdir. Tarixin müxtəlif dövrlərində biz bu münasibətlərin xüsusilə dərinləşməsinin və hər iki tərəfin bir-birinə daha da yaxınlaşmasının şahidi olmuşuq. Sovet İttifaqının süqutundan və 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra Azərbaycan-Türkiyə münasibətləri daha sürətli şəkildə inkişaf etməyə başladı. Bütün dövrlərdə Türkiyə-Azərbaycan əlaqələri həm iki ölkə, həm də region üçün çox əhəmiyyətli rol oynayıb. Azərbaycan-Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional müstəvidə çox vacib amildir. Azərbaycan və Türkiyə sevincli, kədərli günlərdə bir–birinə dəstək olaraq öz dostluqlarını göstəriblər. İki ölkə neçə illərdir ki, əməkdaşlıqlarını təkcə siyasi deyil, eyni zamanda, təhsil, iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə də davam etdirir. Belə ki, iki ölkə arasında bu sahələrdə əməkdaşlığın inkişafı qarşılıqlı münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı söyləyib.

Azərbaycanla Türkiyə arasındakı dostluğun zaman keçdikcə daha da möhkəmlənməsindən söz açan Araz Aslanlı ölkələrimizin qarşılıqlı münasibətlərinin uğurlu şəkildə inkişaf etdiyini bildiərək deyib: “Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə münasibətlərin strateji xarakterinin dərinləşməsinə daha çox şahid olduq. Hətta elə dövrlər oldu ki, kənar qüvvələr Azərbaycan-Türkiyə qardaşlığına zərər vermək istədilər. Amma iki liderin qətiyyəti və uzaqgörənliyi ona gətirib çıxardı ki, 2010-cu il avqustun 16-da Bakı şəhərində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş imzalandı. Təxminən bir ay sonra – sentyabrın 15-də İstanbulda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. Bununla da iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələri genişlənməyə başladı. Hazırda hərbi əməkdaşlıq əlaqələrinin hüquqi bazasını müxtəlif saziş və müqavilələr təşkil edir. Türkiyənin bundan başqa da əməkdaşlıq modelləri var idi, amma bu səviyyədə deyildi. Çünki bu Bəyannamə qədimdən bəri mövcud olan dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi məqsədilə imzalandı. Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu var”.

Politoloqun sözlərinə görə, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi prosesində Türkiyə tam qətiyyətli mövqe nümayiş etdirdi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqazın gələcəyinə dair quruculuq prosesində Türkiyə və Azərbaycanın birgə mövqeyi bir daha ortaya qoyuldu. Ölkələrimiz dünya ölkələri arasında da önəmli yerə malikdir və əminliklə söyləmək olar ki, bu mövqe daha da güclənəcək. Bütün bu proseslərdə təbii ki, prezidentlər İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya baxışı və qətiyyəti çox vacib rol oynayır.

Check Also

60 il öncə Göygöl necə görünürdü? – VİDEO

AzTV-nin “Qızıl Fond”u 1960-cı illərin görüntülərini yayımlayıb. Süjetdə Nizami yurdunun zəngin təbiətindən, Göygöldən bəhs olunub. …