“Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında əməkdaşlıqda mühüm mərhələdir”.
Bunu “Report”a açıqlamasında “Atlantic Council”ın baş elmi işçisi Ariel Kohen deyib.
“İki ölkənin rəhbərliyi Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan sıx əlaqələrə söykənən mədəni əlaqələri, iqtisadi və siyasi əməkdaşlığı, o cümlədən təhlükəsizlik sahəsində münasibətləri inkişaf etdirib”, – o vurğulayıb.
A.Kohenin fikrincə, sabitliyin pozulduğu hazırkı dünyada ölkələr bir-birinin təhlükəsizliyini möhkəmləndirməyə kömək etməli, İKT, enerji və s. sahələrdə əməkdaşlığı gücləndirməlidirlər.
“Bundan başqa, ölkələr Xəzər və Qırmızı dəniz arasındakı ərazini daha təhlükəsiz etmək üçün birgə işləməli, terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq etməlidir”, – o bildirib.
Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.