Məlahət Mürşüdlü: “Dəyişiklik sualların məzmununda olmalıdır. Forma isə dəyişməməlidir”
Azərbaycanda 26 ildir tətbiq edilən, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinin iki il sonra ləğv ediləcəyi ilə bağlı xəbər ictimaiyyətin geniş müzakirəsinə səbəb oldu. Əksəriyyət buna qarşıdır, amma bəzi şəxslər bildirdilər ki, həqiqətən də artıq test üsulunun ləğvedilmə vaxtı çatıb.
Çünki hazırkı dövrdə test imtahanları abituriyentlərin nitq, yazı qabiliyyətlərinin inkişafına mane olduğu iddia edilir. Bir qisim şəxslər isə bu xəbəri etirazla qarşılayıb, test üsulunun ləğv edilməsinin korrupsiyaya yol açacağını bildirdilər. Lakin bir məqam da var ki, hələlik test üsulunun yerinə hansı modelin tətbiq olunacağı bilinmir. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə açıqlamasında bildirib ki, yeni modellər düşünülüb: “Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.
Məlum olduğu kimi, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulunun tətbiqi AXC hakimiyyəti dövründən başlayıb. Cəbhə hakimiyyətinin müxtəlif nöqsanları barəsində danışılsa da, hətta bu hakimiyyəti tənqid edən şəxslər belə test üsulunun gətirilməsini müsbət dəyərləndirirlər. Bu baxımdan, belə iddia da var ki, test üsulunun ləğv edilməsi siyasi qərardır və məhz cəbhə hakimiyyəti ilə əlaqəli olduğu üçün bu model ləğv edilir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib ki, burada söhbət hakimiyyətdən getmir: “Deyirlər ki, yeni sistem tətbiq olunacaq. Biz çox istərdik ki, yeni sistem sovet dönəmindəki kimi korrupsiya sisteminin bərpası olmasın. Prosesi diqqətlə izləyəcəyik. Yeni variantlarla tanış olduqdan sonra əsaslı fikirlərimizi söyləyəcəyik. Siyasi qərar məsələsinə gəlincə isə mənə elə gəlir ki, burada söhbət hakimiyyətdən getmir. Söhbət ilk növbədə beynəlxalq təcrübədən gedə bilər və biz çox istərdik ki, istənilən qərarlar korrupsiya sistemini yenidən universitetlərə qaytarmasın”.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məlahət Mürşüdlü də qəzetimizə bildirib ki, müzakirələr vaxtından əvvəl aparılır: “Məleykə xanımın müsahibələrini mən də oxumuşam və orada açıq şəkildə testin ləğv ediləcəyi söylənilmir. Sadəcə olaraq, deyir ki, 2 il sonra yeni bir metodla qəbul imtahanı keçiriləcək. Bu yeni metod nədir və onun necə olacağı ilə bağlı isə bir ay sonra açıqlama veriləcək. Testin ləğv edilməsi söylənilmir. Sosial şəbəkələrdə gedən müzakirələri vaxtından əvvəl gedən müzakirə adlandırıram. Mən də Dövlət İmtahan Mərkəzi yanında İctimai Şuranın üzvüyəm. Hələ ki biz toplanmamışıq. Sentyabrın əvvəllərində yəqin ki, görüşümüz olacaq və bu barədə danışacağıq. Bir məsələ də var ki, köhnə qayda ilə şagirdlərin ancaq biliyi qiymətləndirilirdi. Orta məktəblərdə də kurikuluma tam olaraq keçid iki il sonra baş verəcək. Builki məzunlar yeni proqramla orta məktəbi bitirirlər. Proqramın məzmununda isə həm bilik var, həm də abituriyentlərin 11 il ərzində qazandıqları bacarıqların qiymətləndirilməsindən söhbət gedir. Buna görə də qəbul imtahanlarında yenilik labüddür. Düşünürəm ki, bunu testi ləğv edərək həyata keçirmək qeyri-mümkündür. Çünki çevrəmizə baxarsaq, elə Türkiyənin özündə də şagirdin bilik və bacarığı testlərlə yoxlanılır. Ona görə də hesab edirəm ki, dəyişiklik sualların məzmununda olmalıdır. Forma isə dəyişməməlidir. Bunu korrupsiyaya, köhnə formaya qayıdış kimi adlandıranlar da var. Haqq verirəm ki, bu qorxu var. Ancaq hesab edirəm ki, yeni qaydada heç bir halda testin ləğvindən söhbət getməməlidir. Sadəcə olaraq, test suallarının məzmununda müəyyən dəyişiklik olmalıdır. Abituriyentlərə elə suallar verilməlidir ki, həm onların bilikləri, həm də bacarıqları qiymətləndirilsin. Ona görə də məzmun baxımından dəyişikliklərin olması vacibdir. Düşünürəm ki, forma baxımından dəyişiklik olmayacaq”.
Ekspert universitetlərə qəbul zamanı yaşanan digər problemlərə də toxunub:
“Hazırda bizdə bütün universitetlər Bolonya sisteminə keçib. Bu prosesin özü tələbələrə çox geniş imkanlar açır. Onlar həm tam mükəmməl bilik qazana bilirlər, həm də müəllimlərini, fənlərini seçə bilirlər. Buraxılış imtahanlarını da özləri seçirlər və proses bütün onlara imkanları verir. Bu formanın dəyişdirilməsi hələ ki düşünülmür. Həmçinin şərait yaranır ki, tələbə öz imkanlarını qiymətləndirə bilsin. Bunun üçün həm də orta məktəblərdə peşəyönümlü təbliğat proqramları var. İxtisas seçimi istiqamətində gənclərlə aparılan iş təəssüf ki, yüksək səviyyədə deyil. Buna görə də bəzən görürük ki, abituriyent deyir, məsələn, hüquqşünas olacağam. Gedir qəbul olur, ancaq proqramı yerinə yetirməyə gücü çatmır. Nəticədə o, ikinci, üçüncü kursda başa düşür ki, onun bu ixtisasa heç həvəsi belə yoxdur. Valideynlər özləri də uşaqlarının imkanlarını qiymətləndirə bilmirlər. Nəticədə isə onları düzgün istiqamətləndirmirlər. Valideyn öz arzularına uyğun olaraq uşaqları yönləndirir ki, bu da çox zaman məcburi halda olur. Tələbə artıq müəyyən kursdan sonra imkanlarını qiymətləndirəndə yanlış seçim etdiyini anlayır. O zaman isə gec olur. Bax qəbulda bu məsələlərə də diqqət etmək lazımdır. İnsanlar var ki, ikinci kursdan çıxıb, öz istədiyi ixtisasın dalınca xarici ölkəyə üz tutur. Burada psixoloqların da rolu lazımdır. 16 yaşlı abituriyentlərə öz imkanlarını qiymətləndirmələri üçün yardımçı olmalıdırlar”.