Cümə , 22 Noyabr 2024
Drone Cameras

Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi: “Finlandiyada artıq həyəcan siqnalları çalınır”

 “Qalib dövlətik, nəyin etirazını edirik?”

Boş parlamet binasının qarşısında etiraz aksiyası etməkdənsə…

Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oqtay Medianews.az-ın qonağı olub. O, bizimlə söhbətində Vətən Müharibəsində qazanılmış tarixi qələbə, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərdən danışdı.

– Hazırda Ukrayna-Rusiya münasibətləri bütün düyanın diqqətindədir. Finlandiya vətəndaşları bu məsələyə necə yanaşırlar?

– Bu müharibədə Finlandiya 80 mindən çox qaçqın qəbul edib. Onlar Ukrayna vətəndaşları üçün əllərindən gələn maddi və mənəvi, humanitar yardımları edirlər. Hətta gələn qaçqınları evlə təmin edir, onlara bizim pulla 1500 manat məbləğində dəstək göstərirlər. Küçələrdə, alış- veriş mərkəzlərində içərisinə pul atmaq üçün qablar qoyulur, insanlar könüllü olaraq ora pul ataraq Ukrayna xalqına az da olsa kömək etməyə çalışırlar. Finlandiyada Ukrayna-rus müharibəsindən finlər ehtiyat edir. Artıq əsgərlikdə olub qayıdanları təlimlərə cəlb edirlər. Çünki rusların ikinci hədəfi Finlandiya və İsveçdir. Dəfələrlə olub ki, ruslar havaya qırıcılarını qaldırıb. Onlara finlər tərəfindən xəbərdarlıq edildikdən sonra o təyyarələri geri qaytarılıb.

-O zaman nəyi əsas gətirirlər?

– Ruslar qeyd edir ki, Finlandiya NATO-ya qəbul olmamalıdır, ora ərizə verməməlisiniz. Yoxsa, sizi Ukraynanın taleyi gözləyir. Hazırda ən çox gündəmdə olan məsələlərdən biri Finlandiyanın NATO-ya üzv olmasıdır. Finlandiya deyir biz azad dövlətik, bizim işimizə heç kim qarışa bilməz. Amma real vəziyyət heç də elə deyil. Skandinaviyada rusların sualtı gəmiləri var ki, onlar zaman-zaman varlıqlarını hiss etdirirlər. Hazırda xalq müharibə istəmir. Ukraynaya yardım etməyə maraqlıdırlar, amma dövlət də öz siyasətini qoruyur. Çünki bu, əvvəlki Finlandiya deyil.

– Qeyd etdiniz ki, növbəti hədəf Finlandiyadır. Bəs, bunun üçün hər hansısa tədbirlər görülürmü?

-Əlbəttə, Finlandiyada artıq həyəcan siqnalları çalınır. Belə ki, ruslar hücuma keçərsə, harada gizlənməli olduğumuz yerlər göstərilir. Artıq təhlükə o qədər yaxındadır. Finlandiya xalqı rus dilində danışmaqdan imtina edir, Rusiya istehsalı olan məhsullardan istifadə etmir.

– Vəziyyətin belə olduğu halda Azərbaycana qayıtmağı düşünürsünüzmü?

-Mən bunu hər zaman düşünmüşəm. Əvvəlim də sonum da Azərbaycanda olmalıdır.

– Sizin bir tərəfiniz Ağdamlı, bir tərəfiniz Şuşalıdır. Bəs, qayıtsanız, harada yaşamağı düşünürsünüz?

– Mənə imkan versələr, böyük məmnuniyyətlə Qarabağa qayıdaram. Bakıda anadan olmağıma baxmayaraq, təhsilimin müəyyən hissəsini Ağdamda almışam, orada nənə -babamın böyük sevgisi ilə böyümüşəm.

– Ağdamdan son çıxışınızı necə xatırlayırsınız?

– 1992-ci il ilin avqust ayının sonunda ermənilər Ağdamamın Qasımlı kəndinə hücuma keçmişdilər. Xalam Ağdamın Əsgəranla sərhəddə olan Qasımlı kəndində yaşayırdı. Biz qonaq gəlmişdik. O gecə ermənilər hücuma başladılar. Mən o günü ömrümün sonuna qədər unutmayacam. Kəndin qadınları yoldaşımın maşınına yerləşməyə çalışırdı ki, kəndən çıxsınlar. Bir “juquli”yə nə qədər adam sığa bilərdi ki? Qadınları maşınlara yığırdıq ki, onlara bir şey olmasın, Ağdamın Qasımlı kəndindən elə çıxdıq. Qadınları uşaqları Ağdamın mərkəzinə gətirə bildik. Sonra Biz Bakıya evimizə döndük. Bir neçə ay sonra Ağdamın da Ermənilər tərəfindən işğal edildiyini eşitdik.

– Ağdam xatirinizdə necə qalıb?

– Ağdamı televiziyada görürəm, təxmini deyirəm nənəmin evi burdadır. Ağdama nə zaman getmək nəsibim olarsa ilk olaraq böyüyüb boya başa çatdığım evimizi görmək istərdim. Atam Ağdam deyə-deyə dünyadan köçdü. Deyirdim ki, Ağdam işğaldan azad olanda ilk işim oradan torpaq gətirib, atamın qəbrinə tökəcəm. Əzizlərimin uyuduğu məzarlığı ziyarət edərək bir ovuc torpaq götürüb atamın Bakıdakı məzarəna tökmək ən böyük arzumdur. Uşaqlığımın keçdiyi o əraziləri dağıdılmış vəziyyətdə görmək əlbəttdə ki, mənə çox ağır gələr. Ona görə deyirəm ki, qoy tikilsin, hazır gedib görərəm. Yoxsa ki, mən dözə bilmərəm.

– Qeyd etdiniz ki, sizi kimsə ora aparsa, Diasporla iş üzrə Dövlət Komitəsi dəfələrlə diaspora rəhblərinin Şuşa və Ağdama səfərlərini təşkil edib. Ağdamlı və Şuşalı olaraq getməyi düşünməmisinizmi?

– Hamıya məlumdur ki, Diasporla iş üzrə dövlət komitəsinin rəhbəri Fuad Muradovu tərifləyənlər, yalnışlıqları, çatışmazlıqları, problemləri dilə gətirməyənlər onun fovarit listində yer alır. Onlar komitə tərəfindən təşkil olunmuş səyahətlərə, tədbirlərə dəvət olunurlar. Mənim kimi problemləri dilə gətirərək problemlərin həll olunmasını tələb edənlər isə onların qara siyahısına düşərək illərlə təmənnasız fəaliyyətləri üzərindən xətt çəkilir və Şuşaya səfərlərdən, tədbirlərdən, toplantılardan min bir bəhanələrlə ilə uzaqlaşdırılır. Bildiyiniz kimi 21-25 tarixində Şuşada Dünya azərbaycanlılarının V qurultayı keçiriləcək. Qurultaya da F.Muradovun qara siyahısında olanlar dəvət almayıb.
Qaldı ki məni kimlərsə Şuşaya aparmasına Allah mənim özümə qismət edər, gedərəm. Kimdənsə asılı olacamsa, o insanlar da bundan istifadə edib özlərini dağ başına qoyacaqlarsa, bu nəyə lazımdır? Allah nə zaman yolumu açacaq, o zaman mən vətənimə gedəcəm. Ora mənim vətənimdir, aparsalar da, aparmasalar da.

– 44 günlük müharibə dönəmində siz də arxa cəbhədə çalışan diaspora rəhbərlərindən oldunuz. Ən böyük problemlər nələrdən ibarət idi?

– Bilirsiniz ki, mən eyni zamanda Avropa Azərbaycanlılar Konqresinin baş katibiyəm. Nəinki Finlandiya, konqresə üzv olan ölkələrin hamısı ilə şaxəli biz iş gördük. Parlamentdə görüşlər keçirdik, Avropa konqresinə üzv olan bütün dövlətlərlə, jurnalistlərlə görüşdük. Mən hər zaman nümayişlərin əleyhinə olmuşam və bunu qeyd etməkdən də çəkinməmişəm.

-Necə nümayişin?

-Çox təşkilat nümayiş edərək etiraz etdiklərini zənn etdilər. Axı, biz nəyin etirazını bildiririk? Biz qələbə qazanırıq, qələbəmizin etirazınımı bildiririk? Biz iş aparmalıyıq ki, görək ki, mətbuatda bizim haqqımızda yalan yazılıbsa, onun qarşısını alaq. Çıxıb qışqırmamalıyıq, mübarizəmizi elə aparmamalıyıq. Qalib dövlətik, nəyin etirazını edirik?

– Onda dediklərinizdən belə çıxır ki, bu etiraz aksiyaları keçirilən ökələrdə yaxşı qarşılanmır?

– 2005-ci ildə bir dəfə nümayişdə iştirak etmişəm. Bir dəfə iki təşkilatla birlikdə etdik, bir yaşlı müəllim kağızımı aldı, üzünə baxdı və dedi ki, sənin probemin məni niyə maraqlandırmalıdır? Mənim istirahətimi niyə pozursan? Mən küçəyə çımışam ki, istirahət edim, niyə qışqırıb mənim istrahətimi pozursunuz? O söz mənə sillə kimi dəydi. O gündən nümayişlərə getmirəm. Çünki bilirəm ki, fin xalqı narahat olur. Deyir ki, bizim ölkəmizdə yaşayırsan, əhali üçün çatışmazlıq yetəri qədər var. Bir dəfə görmüsünüz ki, hansısa çatışmazlığa görə səsimizi qaldıraq? Mənim problemim mənə, sənin problemin sənə aiddir.

-Belə başa düşdüm ki, bu etirazların keçirilməsi bizi dünyada daha çox aqressiv xalq kimi tanıdır.

-Bəli. Ona görə də bu 20 illik fəaliyyətimdə bunu dilə gətirmişəm ki, etməyin. Boş parlamet binasının qarşısında etiraz nümayiş etməkdənsə parlamentdə həftənin 2-4 cü günləri açıq qapı günüdür. Deputatlarla görüşüb məsələni danışa bilərsən. Get dərdini de. Belə etirazların keçirilməsi həm də böyük maliyyə itkisidir. Hər zaman etirazım olub, bundan sonra da olacaq. Axı biz bunun bir nəticəsini görmədik. Dövlət bu büdcəni ayırıbsa, bunu lazımi yerə xərclənməlidir.

-Bir çox ölkələr koronavirusun bitdiyini elan etsə də, Çində vəziyyət hələ də pik həddədir. Bəs, Finlandiyada vəziyyət necədir?

-Bizdə də yumşalmalar gedir. Azərbaycan və digər ölkələrdəki kimi o qədər də sərt karantin rejimi olmadı. İlk gündən deyildi ki, açıq havada maskadan istifadə etməyin, ciyərlərinizi bağlamayın, açıq havada çox gəzin. Ancaq qapalı məkanlara gedəndə maskadan istifadə edin. Ciyərləri bağlamaqla orqanlarınızı zədələmiş olarsınız. İctimai nəqliyyatda, mağazalarda maskadan istifadə edirdik. Yəni Finlandiyada sərt karantin olmadı. Misal üçün, məktəblərdə onlayn təhsil sistemindən istifadə edilmədi, məktəblər bağlanmadı. Hətta prezidentlə baş nazirin arasında bu mövzu ilə bağlı müzakirələr aparıldı. Baş nazir dedi ki, bizim konstitusiyada insanların hüquqlarını tapdalamaq kimi bir qanun yoxdur ki, vətəndaşların əlindən biz bu haqqı alaq. Kafelər, restoranlar bir müddətlik bağlansa da, məktəblər bağlanmadı. Düzdür, xəstəxanalarda yoluxanların sayı çox idi. Misal üçün, hər qrip olanı da xəstəxanaya qəbul etmirdilər. Ən ağır vəziyyətdə olanları xəstəxanaya qəbul edirdilər.

– Bundan sonra hədəfləriniz nələrdir?

-Məni heç kim dayandıra bilməz. Azərbaycanın haqq səsini mədəni surətdə, sivil formada dünyaya çatdırmaqdır.

Xəyalə Rəis
Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …