Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.
General-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Baş Qərargah rəisi dünyanın aparıcı idman ölkələri sırasında respublikamızın xüsusi yerinin olmasını qeyd edərək bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinin və qazanılan uğurların məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının göstəricisi olduğunu xüsusi vurğulayıb.
Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycanın müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona “kapitan” rütbələri və qiymətli hədiyyə təqdim edib.