Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edir.
Boyukmillet.com xəbər verir ki, tədbirin açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyət Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər.
Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir.
Fəaliyyat Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialin artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının hayat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Fəaliyyat Planı Avropa Şurasının qanuni orqanlarının va monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.