Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
O, deputat həmkarını qınayıb, onu yalan danışmaqda ittiham edib.
Müsahibəni təqdim edirik:
– Deputat həmkarınız Fəzail Ağamalının haqqınızda söylədiyi fikirlərlə tanışsınız?
– Bəli, məlumatım var. Mən də bu məsələlərlə bağlı ona cavab vermək istəyirəm.
– Fəzail Ağamalı bildirir ki, siz öz oğlunuzu qorumaq üçün onun oğlunun adını gündəmə gətirmisiniz. Bu doğrudurmu?
– Siz mənə sual verirsiniz ki, doğrudanmı onun oğlunun adından istifadə etmisiniz? İndi mən də sizə sual verirəm ki, sizcə Fəzail Ağamalının oğlunun adından istifadə etmək insana uğur gətirə bilərmi? Mən siyasətə gəldikdən sonra bu cür məsələlərlə əlaqədar daim problemlərlə qarşılaşmışam. Bunun da öz səbəbləri var. Birincisi, Fəzail Ağamalı “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir ki, bu adı təmizləməklə məşğulam. Deputat Ağamalı “Fəzail” adına elə imic verib ki, mən bəzən ayrı-ayrı qurumlarla əlaqə saxlayanda, onlara birinci soyadımı, sonra adımı söyləyirəm. Çünki Fəzail deyən kimi, Ağamalı yada düşür.
– Yəni, adınız Fəzail olduğu üçün utanırsınız?
– Xeyr, elə demək istəmirdim. Adımın çox böyük mənası var, adımla hər zaman fəxr etmişəm. Mənim adım fəzilətlərin cəmi deməkdir. Fəzilətlərin cəmində də 10-15 dəyərli ifadə var. Buna görə də mən Fəzail adını daşıdığım üçün heç zaman utanmıram. Sadəcə olaraq, Fəzailin Fəzail haqqında yaratdıqlarını özüməməxsus formada qorumağa çalışıram.
– Bəs nə üçün Fəzail Ağamalı ilə aranızda yaranan soyuqluq ictimai gündəmə səbəb oldu?
– Qısaca deyim ki, mənim oğlum yıxılana kömək etdiyi üçün özünə problem yaradıb. Amma mən hesab edirəm ki, o düz edib. Təxminən oktyabrın 3-də saytlardan biri Fəzail Ağamalının oğlunun adam vurması barədə xəbər yayıb. Sonra isə həmin sayt təkzib verərək, Fəzail Ağamalıdan üzr istəyib. Bundan sonra “Fəzail Ağamalı” yerinə, “Fəzail İbrahimli” ifadəsi işlədilməyə başlayıb. Bununla da Fəzail Ağamalı gündəmdən çıxıb. Mən isə öz müsahibələrimdə söyləmişəm ki, qəza törətmək başqa, insana kömək etmək başqadır. Qısası məlum hadisəni hüquq mühafizə orqanları və mətbuat araşdıraraq, üzə çıxarıb. Hətta, oğlumun kömək etdiyi adamın valideyni də mətbuata müsahibə verərək, təşəkkür edib. Bununla da bu məsələ gündəmdən çıxıb. İndi iki aydan sonra Fəzail Ağamalı yatıb yuxu görüb və beynində şübhələr başlayıb ki, guya həmin vaxtı onun oğlunun adını hansısa xəstəxana ilə əlaqəyə girərək, mən gündəmə gətirmişəm. Guya mən bunun kölgəsində yatmışam. Məni də kölgədə yatmaqda ittiham edir. Mən isə deyirəm ki, ay Fəzail Ağamalı sənin heç kölgən də yoxdur! Fəzail Ağamalının ancaq tikanı var. Ağlı kəsəndən də Fəzail Ağamalı həmin tikanları ona-buna batıra-batıra gəzir. Onun növbəti hədəfi də mən oldum. Ən azı iki millət vəkilinin bir-biri haqqında belə düşünməyi cəmiyyətdə ikrah hissi yaradır. Mənim də, Fəzail Ağamalının da 40 min seçicisi var. Biz bir-birimizi ittiham etməklə, axı 80 min nəfərlik insana qarşı hörmətsizlik etmiş oluruq. Fəzail Ağamalı heç zaman bunu düşünməyib. Onun üçün müqəddəs heçnə yoxdur. Sual verə bilərsiniz ki, axı niyə birinci sənin oğlun deyil, Fəzail Ağamalının oğlunun adı çəkilib? Sizcə, səbəb nədir? Çünki ictimai rəydə belə fikirlər var ki, harada mənfi hallar olursa, bunu Fəzail Ağamalıdan şübhələnirlər. Harada pis əməl olursa, Ağamalıdan qaynaqlana bilər. Bax, onun oğlu haqqında yayılan xəbərlərin də kökü məhz bu amillərə görədir. Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır! Bu fikirləri mən deyil, özün özün haqqında yaradırsan. Ona görə də cəmiyyət hər zaman nə pis əməl olursa, səndən şübhələnir.
İki ay əvvəl belə hadisə oldu və həqiqət ortaya çıxandan sonra məsələ bitdi. Daha bu məsələni 2 aydan sonra niyə gündəmə gətirirsən? Fəzail Ağamalı, gündəmdə qalmaq üçün iki aydan sonra bu fikirləri söyləyirsən? Hər kəs öz həyat tərzindən danışır. Görünür, Fəzail Ağamalının da həyat tərzi belədir. Axı sənin həyat tərzin hamıya məlumdur. Bu gün oturub şirin-şirin “Yeni Müsavat” qəzetinə palaz boyda müsahibə vermək nə deməkdir? Bunu övladların bilir, qoy nəvələrin də bilsinlər. Ay Fəzail Ağamalı, deyəsən bir neçə il öncə Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan? İndi həmin qəzetə şirin-şirin müsahibələr verirsən! Özü də mənim şərəf və ləyaqətimi təhqir edirsən. O hadisə olub-bitib və hüquq mühafizə orqanları da araşdırmalar aparıblar. İndi Fəzail Ağamalı yenidən istintaq işi aparır.
– Dediniz ki, şərəf və ləyaqətiniz təhqir olunub. Buna görə məhkəməyə müraciət edəcəksiniz?
– Xeyr, onu məhkəməyə vermək istəmirəm. Çünki mən Fəzail Ağamalını yaxşı tanıyıram. Mən onunla ötən əsrin 80-ci illərindən tanışam. Onu mən tanıdığım kimi, hər kəs də tanıyır. Hər kəs onu pis əməl sahibi kimi tanıyır, görür.
Bilirsiniz, hər kəs dünyaya özünəməxsus formada gəlir, hər kəs öz xarakteri və həyat tərzi var. Mən onun müsahibədə dediyi bir fikirinə görə Fəzail Ağamalıya təşəkkür edirəm. Fəzail Ağamalı mənim haqqımda deyir ki, biz ayrı-ayrı adamlarıq, bir-birimizə əks qütblərdə təmsil olunuruq. Bəli, adlarımız eyni olsa da, həyat tərzimiz, xarakterimiz və siyasi mövqeyimiz bir-birimizdən kifayət qədər fərqlidir. Ona görə də mən onun haqqında çox danışmaq istəmirəm. Tanrıdan arzum odur ki, Fəzail Ağamalı tezliklə sağalsın, işinin başına dönsün və oturub onunla üzbəüz söhbət edim, onunla bağlı içimdəki düşüncələrimi bölüşüm. O zaman Fəzail Ağamalı başa düşsün ki, mən namərd yox, çox mərd adamam ki, bütün bunların hamısını mətbuata ötürmədim, gizli saxladım.
– Siz gizli saxladım deməklə, nəyi nəzərdə tutursunuz?
– Mən mətbuatda Fəzail Ağamalının səhhəti ilə bağlı oğlunun müsahibəsini oxumuşdum. Oğlu deyirdi ki, atası xaricə dincəlməyə gedib və sairə.
Ümumiyyətlə, Fəzail Ağamalı ilə hər zaman məsafəli münasibətimiz olub. Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Amma onun üçün müqəddəs heçə olmadığı üçün ondan özümü gözləmişəm. Yəni, Fəzail Ağamalı bir dəqiqənin içərisində min illərin ibadətini tapdalayıb keçmək imkanında olan adamdır.
Mən siyasətə gələndə içimdə bir andım olub ki, əxlaqımı siyasətə dəyişməyim, heç zaman qərəzli mövqedə olmayım və dövlətçilik məsələsində şəxsi mənafeyimdən də imtina edim. Mən bütün bunları göz bəbəyim kimi qoruya-qoruya bu günə gəlib çıxmışam. Ona nə qədər nail olmuşamsa, bunu cəmiyyət və siz jurnalistlər bilir. Mən istəmirim ki, Fəzail Ağamalınım səviyyəsinə enim. Namərdlik də belə məqamlarda, yəni sandıq çaılanda, pambıq töküləndə üzə çıxa bilər. Mən isə sandığın qapalı qalmasını istəyirəm. (olke.az)
boyukmillet.com