Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ayrılığın bir ili… – Süleyman İsmayılbəyli yazır

Onunla ayrılığımızın tam bir ili tamam olur. Keçən ilin məhz bu günlərində ayrılıq qərarı verdik.

Əslində qərarı mən verdim. Ona qalsa, ayrılmaq niyyəti yox idi. 1997-ci ildən, Bakı mühitinə düşəndən bir-birimizi tanımışdıq. Tanışlığımızın ilk günündə bərabərliyimiz bir neçə dəqiqə, həm də gizlincə olurdu. Çünki ehtiyat edirdim, utanırdım ki, ətrafımdakılar, ailə üzvlərimin bu sevgidən, bir-birimizə bağlılığımızdan xəbəri olar.

Lakin sonradan loru dildə desək abırsızlaşdıq. Artıq tanışlığımızın ilk günündəki bir neçə dəqiqəlik görüşləri, saatlar, hətta günlər əvəz edirdi. Bəzən gecə gec saatlara qədər bərabər olurduq, dərdləşir, gələcək planları, sabahkı günün qrafikini müəyyənləşdirirdik. Sanki mənim üçün ayrılması qeyri-mümkün olan birinə çevrilmişdi.

Bəzən oturub öz özümə fikirləşirdim, görəsən ondan ayrıla bilərəmmi? Ayrılsaq mənim üçün nə dərəcədə çətin olacaq? Bu ayrılığa tab gətirə biləcəmmi? Bu kimi fikir və düşüncələr beynimdə dolaşsa da, ya mən onu ata bilmirdim, ya da o məndən üz döndərmək istəmirdi. Beləcə illər gedirdi. Artıq bir-birimizə bağlılıq elə bir həddə çatmışdı ki, istər el şənliklərində, istər yas mərasimlərində daima mənim yanımda olur, sanki dərdimə şərik biri kimi özünü mənə sevdirməyi bacarırdı. Nə qədər çətin olsa da, artıq ailəmdə də bu sevgidən məlumatlı idilər. Geyimimdə, üst-başımda onun izləri hiss olunurdu. Paltarlarımda onun ətri duyulurdu. Övladlarımdan, ailəmdən nə qədər gizləməyə çalışsam da, artıq onlar da bizim sevgimizdən agah olmuşdular. Çünki qohumlar, dostlar, tanışlar da bizim aramızda olan sevgi barədə ailə üzvlərimizi məlumatlandırmışdı. Bəzən ailədə bunu üzə vurmasalar da, onun ətrinin paltarlarımda aşırı dərəcədə hissi edilməsi haqlı olaraq ailədaxili dedi-qoduya səbəb olurdu. Axı, ailəm də bilirdi ki, bu sevginin sonu yoxdur. Yaxud bu sevginin, birlikdəliyin sonu ölümdür.

Beləcə, 23 il boyunca hər addımda, hər an mənim yanımda idi. Evdə hər kəs – həyat yoldaşım, övladlarım belə bunu hiss edirdi. Düzü, bundan utanırdım desəm yalan olmaz. Ailəmin tənəli baxışları və aramızda olan sevginin məni uçuruma apardığının fərqinə vararaq bir neçə dəfə onunla yollarımı ayırdım. Ancaq bu ayrılıq əbədilik olmadı. Bəzən bir neçə gün, bəzən bir neçə həftə, bəzən bir neçə ay sürdü bərabərsizliyimiz. Sonra yenə birlikdə olmağı qərar verdik.

Etiraf edim ki, hər dəfə də ayrılıq qərarını mən verirdim. Ancaq iradə zəifliyindən hər dəfə də bu ayrılığa son qoyub ona tərəf qaçan məhz mən olurdum. Bütün halda yuxarıda qeyd etdiyim kimi, hər zaman düşünürdüm ki, bizim sevgimizin, bərabərliyimizin sonu yoxdur və bir gün bu sevgiyə son qoyulacaq. Sadəcə, buna güclü iradə lazımdır. Yaxud elə bir hadisə yaşanmalı, elə bir situasiya baş verməlidir ki, həmin an, həmin hadisə bizim ayrılığımız üçün əsaslı bir arqument olsun. Axı 23 illik bərabərliyimiz dövründə hər dəfə onunla ayrılanda bu vaxta qədər baş vermiş hansısa hadisələri bəhanə edirdim. Yaxud qarşıda gözlənilən qeyri-adi olay səbəbindən onunla yollarımı ayıracağımı planlayırdım. Lakin hər dəfə iradə zəifliyi səbəbindən beləcə onunla bərabər addımlayır, sanki ömür sonuna qədər bir-birimizə bağlı qalacağımızı düşünürdüm. İçimdə isə hər zaman belə bir hiss də vardı ki, nə vaxtsa bərabər addımladığımız illərə təklikdə nəzər salıb xatırlayacam.

Nəhayət, o gün gəldi və mən 23 ildir bərabər addımladığım, bir yerdə olduğum, bu 23 ildə tez-tez “küsüb-barışdığım”la yollarımı ayırdım. Onunla ayrılmaq, bərabərliyimizə son qoymaq üçün bundan ciddi, bundan böyük bir hadisə ola bilməzdi. Beləliklə, 10 noyabr 2020-ci il tarixdə, 44 günlük Vətən müharibəsinin tarixi qələbəmiz, zəfərimizlə başa çatdığı və savaşın başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalandığı gün mən də özümdə iradə taparaq onunla yollarımı ayırdım. Bir daha ona dönməmək, qayıtmamaq şərti ilə. Tam bir ildən artıqdır ki, onunla yollarımı ayırmışam və bundan da qətiyyən peşimançılıq keçirmirəm. Bir vaxtlar mənə ondan ayrılmağı tövsiyə edirdilərsə, indi mən dost-tanışıma, yaxınlarıma onunla ayrılmağı, daha sağlam, siqaretsiz həyat yaşamağı tövsiyə edirəm.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …