Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın “peace enforcement” əməliyyatlarında iştirak etməyi nəzərdə tutmadığını vurğulayıb. “Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur”, – deyən prezident bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.

“Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Floridada keçirilən görüşdə HƏMAS-a tərk-silah üçün iki ay vaxt verilməsi barədə razılıq əldə olunub. Bu barədə “İsrail Hayom” nəşri yazıb. Qəzet qeyd edir ki, Tramp və Netanyahu Qəzza zolağındakı geniş tunel şəbəkəsinin məhv edilməsi ilə bağlı da razılaşıb. Tramp sülhməramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda türkiyəli hərbçilərin yerləşdirilməsini məqsədəuyğun hesab edib. Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında Netanyahu ilə görüşdə danışıb.
“Oktyabrın 11-dən Qəzzada atəşkəs elan edilsə də, İsrailin dağıntılara çevirdiyi yaşayış məntəqələrində çətinliklər davam edir” .
Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Razılaşmaya əsasən, hər gün 600 yardım maşını Qəzzaya daxil olmalı idi, lakin İsrail bu öhdəliyini yerinə yetirməmiş, dəfələrlə əsassız bəhanələrlə humanitar yardımın aparılmasına mane olmuşdur. Türkiyə olaraq boyun əyməyəcəyik, susmayacağıq və unutmayacağıq; Qəzzanı heç vaxt tək qoymayacağıq”, – deyə Ərdoğan bəyan edib. Ötən ilin sonunda İsrail ordusu Qəzza zolağında “sarı xətti” keçməyə cəhd edən döyüşçüləri zərərsizləşdirib.

ÇAXAL-ın məlumatına görə, üç ayrı insident zamanı bir neçə nəfər “sarı xətti” keçərək Qüds briqadası və “Qəzza” diviziyasının Şimal briqadasının mövqelərinə yaxınlaşıb və təhlükə yaradıb. Bu faktın özü təsdiqləyir ki, anklavda təhlükəsizlik təmin olunmayıb və eskalasiya riskləri qalır. Bu mənada Azərbaycan öz əsgərini Qəzzaya göndərməməkdə doğru addım atıb. Prezidentin Fələstinlə bağlı fikirlərində də həqiqət payı var. Fələstinin zaman-zaman Ermənistana dəstək verməsi də gündəmə gəlib.
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, Azərbaycan sülhməramlı kontingenti göndərməməklə doğru strategiya seçib. Onun sözlərinə görə, hərbçilərimizin anklavın təhlükəsizliyinin təmin olunmasında iştirakına ehtiyac yoxdur və bu, onların həyatı üçün böyük təhlükədir: “Sabah hərbçimiz həlak ola, yaxud yaralana bilər. Bunun məsuliyyətini nə İsrail, nə HƏMAS üzərinə götürəcək. Ona görə də o bölgənin problemlərini elə region dövlətləri həll etməlidirlər. Azərbaycan çox böyük zərurət yaranarsa, bu məsələyə baxa bilər. Üstəlik, bu məsələdə konkretlilik yoxdur. Yəni slühməramlı missiyanın tərkibi, mandatı, səlahiyyətləri müəyyən olunmayıb. Məncə, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirliyi bu kontingentdə yer ala bilər”.
Siyasi icmalçı Asif Nərimanlının qeydlərinə görə, İsrailin etirazı ilə üzləşən Türkiyə Azərbaycanın bölgədə iştirakını özünün mövcudluğu baxımından alternativ variant kimi görür. Lakin təhlilçinin fikrincə, HƏMAS və İsrail Trampın Qəzza planının birinci mərhələsini – girovların azad edildiyi atəşkəsi qəbul etsələr də, ikinci mərhələnin başlanmasında maraqlı deyil: “HƏMAS üçün bu mərhələ tərkisilah edilmək və Qəzzanın idarəçiliyindən imtina deməkdir. İsrail üçün beynəlxalq missiya Qəzzaya tam nəzarət planına uyğun deyil. Trampın Qəzza planının ikinci mərhələsinin tətbiq edilməsi faktiki olaraq dalana dərib və HƏMAS-İsrail qarşıdurması müəyyən səngimələrlə davam edir. Belə bir vəziyyətdə Azərbaycan bölgəyə sülhməramlı göndərməsi iki təhlükə vəd edir: birincisi, Qəzzaya sülhməramlı kimi daxil olacaq Azərbaycan əsgəri çarpaz atəş altında qalacaq; ikincisi, Azərbaycan siyasi baxımdan həm İsrail, həm ərəb ölkələri, hətta Türkiyə arasında seçimlərlə üzləşəcək ki, bu da münasibətlərdə problemlər yaradacaq”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu Musavat.com-a bildirib ki, Prezident əsgərimizin həyatını hər şeydən üstün tutub: “Qəzza zolağında atəşkəs hər an pozula bilər. Azərbaycan əziyyətlə yetişdirdiyi peşəkar hərbçilərini təhlükəyə atmaq istəmir. Qoy ərəb dövlətlərinin ordularından sülhməramlı kontingent yaradılsın. Məsələn, İsraillə əlaqələri bərpa olan bəzi ərəb ölkələri var ki, hərbçilərini göndərə bilər. Ancaq Türkiyənin orada iştirakından sonra dayanıqlı sabitlik bərqərar olarsa, Bakı məsələyə yenidən baxa bilər. Amma prezident çıxışı ilə nöqtə qoydu. Eyni zamanda, Azərbaycan bu prosesdə dost və müttəfiq tərəflərlə üz-göz olmaq istəmir”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
