Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan Bolqarıstan və İraqda kəşfiyyat işlərinin aparılması imkanını öyrənib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan və İraqda axtarış-kəşfiyyat işlərinin aparılması imkanını öyrənib.

Boyukmillet.com xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü il üzrə hesabatında deyilir.

“2024-cü ildə Bolqarıstan və İraqda axtarış-kəşfiyyat layihələri qiymətləndirilib və investisiya qərarlarının qəbul edilməsi üçün SOCAR rəhbərliyinə təkliflər verilib”, – hesabatda qeyd olunur.

Həmçinin ötən il Azərbaycanın quru sahələrində neft-qaz hövzələrinin perspektivliyinin qiymətləndirilməsi həyata keçirilib.

Xüsusilə yüksək karbohidrogen potensialına malik “Məşəl” strukturunun dayaz laylarının qaz ehtiyatları, “Qoşadaş” strukturu və “Oğuz” perspektivli sahələri qiymətləndirilib.

Cənubi Xəzər hövzəsinin cənub-qərb bortunda gələcək axtarış-kəşfiyyat işlərinin və sahənin geologiyasını, tektonikasını və karbohidrogen potensialını qiymətləndirmək üçün sahə daxilində əvvəllər qazılmış və uğursuz nəticələnmiş “Kürdaşı”, “Atəşgah”, “Yanan Tava”, “Muğan-Dəniz” və “Talış-dəniz” quyuları təhlil edilib.

“Abşeron” qaz-kondensat yatağında “Fasilə-altı” layların karbohidrogen potensialı yenidən qiymətləndirilib və hazırkı əməliyyat şirkəti (JOCAP) və “Total” şirkəti ilə SOCAR-ın bu məsələ ilə bağlı texniki-iqtisadi mövqeyi paylaşılıb.

2024-cü ilində “Naftalan” yatağının Mezozoy çöküntülərinin geoloji-geofiziki öyrənilməsinə və resurs və risklərin qiymətləndirilməsinə başlanılıb. “Naftalan” yatağının axtarış-kəşfiyyat portfelinə daxil edilməsi və axtarış quyusunun qazılması üçün işlərin davam etdirilməsinə qərar verilib.

Hesabata əsasən, yataqların yenidən qiymətləndirilməsi və quyuların kəşfiyyat obyektlərinə qaytarılması nəticəsində 2024-cü ildə “Azneft” İstehsalat Birliyinin yataqları üzrə karbohidrogen ehtiyatlarının əvəzlənməsi 77,4 % təşkil edib. Ehtiyat artımı 8,4 milyon ton neft ekvivalentində olub.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …