Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb
Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə əlaqədar on birinci görüş keçirilib.
Görüş Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə reallaşıb.
Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəlinib.
Tərəflər delimitasiya işlərinin aparılması qaydalarını müzakirə ediblər və növbəti görüşün işgüzar qaydada keçirilmə tarixini və yerini müəyyənləşdirmək barədə razılığa gəliblər.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.