Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Miçelin Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair bəyanatında bildirilib.
Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.
Bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamağı tapşırmaq qərara alınıb.
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.