Avropa ölkələrində həbsdə olan 159 jurnalistdən 30-u Azərbaycandadır
Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması illik hesabatını yayıb.
Martın 5-də dərc olunan “2024: Siyasi təzyiq, dezinformasiya və media müstəqilliyinin aşınması ilə mübarizə” adlı hesabatda bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və biri Gürcüstanın payına düşür.
Hesabatda deyilir ki, Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun mətbuat azadlığını boğmağa davam edir və təcili olaraq yenidən nəzərdən keçirilməlidir.
Bildirilir ki, jurnalistlərin təhlükəsizliyi və mənbə gizliliyi üçün digər ciddi təhdid casus proqramlarıdır. Jurnalistlərin izlənməsi geniş yayılıb və bunun aşkarlanması çətinləşib. Ötən il üç ölkədə bu hal qeydə alınıb.
Platformanın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası və Avropa Şurasının 46 üzv dövlətini jurnalistlərin hüquqi müdafiəsini gücləndirməyə, dezinformasiyaya qarşı təminatları təmin etməyə, medianın ələ keçirilməsi, izlənilməsi ilə mübarizə üçün tədbirlər görməyə çağıran bir sıra tövsiyələr hazırlayıblar. Onlar hökumətləri təhdid və təqiblərə qarşı müdafiəni gücləndirməklə mətbuat azadlığını dəstəkləməyə çağırıblar.
Hesabata görə, 2024-cü ildə diqqət mərkəzində olan ölkələr Gürcüstan, İtaliya və Slovakiyadır. 2024-cü ildə Avropa Şurasının bütün üzv dövlətləri arasında mətbuat azadlığı ilə bağlı xəbərdarlıqların ən yüksək artımı qeydə alınan ölkə Gürcüstandır. Ötən il ölkədə keçirilən seçkilərdə və daha sonra etiraz aksiyalarında onlarla jurnalist zorakılığa məruz qalıb.
Hesabatda jurnalist Əfqan Sadıqovun 2024-cü ilin noyabrında həbsi və Azərbaycana ekstradisiyası barədə qərar çıxarılması da qeyd olunub.
“Azel TV” saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqov Azərbaycanda pul tələb etməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. O daha əvvəl də Azərbaycanda məhkumluq yaşayıb, xuliqanlıq niyyəti ilə sağlamlığa ziyan vurmada təqsirli bilinib. Amma özü işi qurama sayıb.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30- a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onlar deyirlər ki, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.